43.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması sahəsində dövlət proqramını qəbul edir.
43.2. Bu Qanunun 43.1-ci maddəsində nəzərdə tutulan dövlət proqramına uyğun olaraq hava limanları istismarçıları, hava gəmilərinin istismarçıları və hava hərəkəti xidmətlərini təmin edən təchizatçılar aviasiya təhlükəsizliyi proqramlarını tərtib edirlər.
43.3. Xidmət təminatçısı sertifikatını almaq üçün xidmət təminatçıları aviasiya təhlükəsizliyi proqramına malik olmalıdırlar.
43.4. Hava limanları istismarçılarının, hava gəmisi istismarçılarının və hava hərəkəti xidmətlərini təmin edən təchizatçılarının aviasiya təhlükəsizliyi proqramları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və bu proqramlarda edilən dəyişikliklər həmin orqanla (qurumla) razılaşdırılır.
43.5. Xidmət təminatçılarının vəzifəli şəxsləri aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə, xidmətlərin göstərilməsinə, təhlükəsizliyin təmin edilməsi üçün avadanlıq və vasitələrin olmasına görə cavabdehdirlər.
43.6. Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı hava limanlarının sərnişin və yük terminallarında sərnişinlər üçün aydın görünən yerlərdə xüsusi lövhələrdə yerləşdirilir.
43.7. Aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müfəttiş heyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təlim keçməlidir.