44.1. Beynəlxalq standartlar və tövsiyə olunan təcrübəyə uyğun olaraq, hava nəqliyyatında şəxsin həyat və sağlamlığına və ya əmlakına ziyan vurulması riskinin məqbul həddə qədər azaldılması, təhlükə mənbələrinin aşkarlanmasını, risklərə daimi nəzarət vasitəsilə onların bu səviyyədə və ya daha aşağı səviyyədə saxlanılmasının təmini sahəsində siyasəti, məqsədləri və resursları müəyyən etmək, habelə uçuşların təhlükəsizliyini təşviq etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçuşların təhlükəsizliyi üzrə dövlət proqramını qəbul edir.
44.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) risklərin qiymətləndirilməsi və məqbul həddə qədər azaldılması məqsədilə uçuşların təhlükəsizliyi üzrə planı təsdiq edir.
44.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçuşların təhlükəsizliyi üzrə dövlət proqramının məqsədlərini və həmin sahədə fəaliyyətin həcmini nəzərə alaraq, uçuşların təhlükəsizliyinin məqbul hesab edilən həddini müəyyən edir.
44.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçıdan uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmasını və fəaliyyətinin təmin edilməsini tələb edir.
44.5. Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş problemlərə dair məlumatları müntəzəm olaraq təhlil edir və onların aradan qaldırılması üçün tədbirlər görürlər.
44.6. Uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müfəttiş heyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada təlim keçməlidir.