31.0 Sərnişin aşağıdakı əsas hüquqlara malikdir:
31.0.1. marşrut üzrə gediş bileti əldə etmək (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla), avtonəqliyyat vasitəsinin salonunda biletdə göstərilmiş yeri, biletdə yer göstərilmədikdə, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə boş yeri tutmaq və gedişi həyata keçirmək;
31.0.1-1. ödəniş aləti əldə etmək və ona vəsait yükləmək;
31.0.2. müntəzəm avtobus marşrutlarında (şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla) ayrıca yer tutmadan, gediş haqqı ödəmədən 5 yaşına qədər bir uşağı özü ilə aparmaq;
31.0.2-1. müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında gediş haqqı ödəmədən 5 yaşa qədər uşaqları özü ilə aparmaq;
31.0.3. müvafiq normalar həddində özü ilə ödənişsiz əl yükünü aparmaq;
31.0.4. çəkisi və ölçüləri müəyyən edilmiş normalardan artıq olmayan baqaj aparmaq;
31.0.5. real dəyərindən yüksək olmamaqla baqajın qiymətini elan etmək;
31.0.6. daşınma üçün təqdim olunan avtonəqliyyat vasitəsilə gediş tarifi alınmış gediş sənədinin (biletin) qiymətindən yüksək olarsa, gedişi əvvəl əldə olunmuş gediş bileti ilə əlavə pul ödəmədən həyata keçirmək;
31.0.7. daşıyıcı daşınma haqqı sərnişinin aldığı gediş sənədinin (biletin) qiymətinə nisbətən aşağı olan avtonəqliyyat vasitəsi istifadə edərsə, gediş sənədini (bileti) qaytarmaq və ya gediş üçün faktiki ödədiyi məbləğlə bu halda ödənilməli məbləğ arasındakı fərqi geri alaraq gedişi həyata keçirmək;
31.0.8. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunmuş qaydada gediş sənədini (bileti) geri qaytarmaq və ödənilmiş pulun tam məbləğini və ya müvafiq hissəsini geri almaq;
31.0.9. daşıyıcının təqsiri üzündən vurulmuş zərərə və ziyana görə kompensasiya almaq;
31.0.10. sığorta olunanın “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş hüquqlarından istifadə etmək.