Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Avtomobil yollarının torpaq sahəsi

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır.

Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir.

Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz.

Ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir.

Özəl və sahə avtomobil yollarının yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi torpaq ayrılması sənədlərinə və həmin subyektlərin özlərinin mülkiyyət formasına uyğun olaraq müəyyənləşdirilir.

Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir.

Avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Bu işləri görən şəxslər avtomobil yolunun sahibinin tələbinin icrasından imtina etdikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirmədikdə, tikinti və qurğuların sökülməsi, avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsi üzrə işlər avtomobil yolunun sahibinin qüvvəsi və (və ya) vəsaiti hesabına yerinə yetirilir. Belə hallarda avtomobil yolunun sahibinin həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar çəkdiyi xərclər qanunsuz tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan şəxslər tərəfindən ödənilməlidir. Göstərilən xərclər ödənilmədikdə, avtomobil yolunun sahibi müvafiq iddia irəli sürmək hüququna malikdir.

Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində yol hərəkətinin təhlükəsizliyini təmin edən nişanlar və göstəricilər istisna olmaqla, yolkənarı xidmət obyektləri, habelə məlumat qurğuları (reklam qurğuları istisna olmaqla) avtomobil yolunun sahibinin yazılı razılığı ilə və bağlanılan müqavilələr əsasında yerləşdirilir.

Avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işlərin aparılmasına, yolkənarı xidmət obyektlərinin yerləşdirilməsinə razılığın alınması üçün ərizəyə avtomobil yolunun adı və istiqaməti göstərilməklə sahənin sxemi, tikilməsi və ya quraşdırılması nəzərdə tutulan obyektin yaxud qurğunun texniki planı əlavə olunur.

Razılığın verilməsi haqqında ərizəyə 15 gündən gec olmayaraq baxılır.

Yazılı razılığın şərtlərinə riayət edilməsi bütün hüquqi və fiziki şəxslər üçün məcburidir və onların yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir.

Müvafiq razılığın olmadığı və ya verilmiş razılığın şərtləri yerinə yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver