Avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir.
Təhkim zolağının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təyin edilir.
Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, avtomobil yollarının təhkim zolağı hüdudlarında aşağıdakılar qadağandır:
- avtomobil yollarının tikintisi, saxlanması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi;
- yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xidməti tikililəri və qurğuları istisna olmaqla avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi;
- avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların qırılması;
- avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;
- suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması;
- mal-qaranın otarılması, habelə onların avtomobil yollarının sahibləri ilə razılaşdırılmış, xüsusi müəyyən edilmiş yerlərdən kənar keçirilməsi;
- “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsi;
- bu Qanunla müəyyən olunmuş qaydalar pozulmaqla reklam və digər məlumat qurğularının yerləşdirilməsi.