20.1. Daxili qoşunların hərbi qulluqçuları fiziki qüvvəni, xüsusi vasitələri, odlu silahı, döyüş texnikasını və xüsusi texnikanı tətbiq etməzdən əvvəl hüquq pozuntusunun aradan qaldırılması tələbinin yerinə yetirilməsi üçün vaxt verməklə bu barədə xəbərdarlıq edirlər (bu Qanunun 24.3-cü maddəsində göstərilən, habelə insanların həyatı və sağlamlığı üçün bilavasitə təhlükə yaratdığı və ya bu cür xəbərdarlığın gec və qeyri-mümkün olduğu hallar istisna olmaqla).
20.2. Daxili qoşunların hərbi qulluqçuları fiziki qüvvəni, xüsusi vasitələri, odlu silahı, döyüş texnikasını və xüsusi texnikanı tətbiq etdikdə tibbi zərurət olduqda bilavasitə rəisini məlumatlandırmaqla zərərçəkənlərə ilk tibbi yardım göstərirlər.
20.3. Daxili qoşunların hərbi hissə komandirləri və ya rəisləri fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi nəticəsində alınmış xəsarət (yaralanma, travma və kontuziya) və ya ölüm halı barədə dərhal müvafiq prokurora məlumat verirlər.
20.4. Fiziki qüvvə, xüsusi vasitələr, odlu silah, döyüş texnikası və xüsusi texnika yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə hüquq pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq tətbiq edilir. Bu zaman daxili qoşunların hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.
20.5. Daxili qoşunların hərbi qulluqçuları tərəfindən öz səlahiyyətlərini aşaraq fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi qadağandır.