1) Azərbaycan Respublikasının sərhədboyu zonasında yerləşən ərazi və daxili sularına, habelə oradakı adalara sərhəd mühafizə orqanları nəzarət edir;
1-1) Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində sərhəd mühafizə orqanları tərəfindən sərhədboyu rejim təmin olunur.
2) Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmiləri, mühərrikli və mühərriksiz digər üzmə vasitələri sərhədboyu zonanın, habelə dəniz sahilinə bitişik inzibati ərazi vahidlərinin ərazisində olduqda, sərhəd mühafizə orqanlarının ən yaxın bölməsində də qeydiyyata alınmalıdır. Sərhəd mühafizə orqanları tərəfindən üzmə vasitələrinə “Üzmə vasitəsinin qeydiyyat vəsiqəsi” verilir;
göstərilən üzmə vasitələri müəyyən edilmiş yanalma-dayanma körpülərinə, yerləşmə məntəqələrinə təhkim edilməli və dayanacaq üçün daimi yerlərə malik olmalıdır;
bu üzmə vasitələrinin mənsubiyyətini nişanlamaq üçün onların havadan görünən yerlərinə tanınma nişanları vurulur, gövdələrinə isə müəyyənləşdirilmiş qaydada qeydiyyat nömrələri yazılır;
bu bənddə nəzərdə tutulmuş tələblər Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələrinə, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilərə şamil edilmir. Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər üzərində sərhəd nəzarəti həyata keçirilərkən “Gəmi heyəti üzvlərinin siyahısına” ştamp vurulur.
3) vətəndaşları sərhəd mühafizə orqanları tərəfindən qorunan dəniz sahilboyuna, sərhədboyu çayların göllərin və başqa sututarların sahillərinə müəyyən müddət üçün gətirmiş mühərrikli və mühərriksiz gəmilərin sahibləri öz gəmilərini sərhəd mühafizə orqanlarının ən yaxındakı bölməsində qeydə aldırmalı və təyin edilmiş yanalma körpülərində və yerləşmə məntəqələrində saxlamalıdır;
4) təyin edilmiş yanalma körpülərindən, yerləşmə məntəqələrindən və xüsusi ayrılmış başqa yerlərdən kənarda mühərrikli və mühərriksiz üzmə vasitələrinin saxlanması və dayanması, adamların minib-düşməsi, yük vurulub-boşaldılması, fəlakət və qəza halları istisna olmaqla, qadağandır;
5) sənədlərin rəsmiləşdirilməsi qaydasını, mühərrikli və mühərriksiz üzmə vasitələrinin dənizə, sərhədboyu çayların, çöllərində başqa sututarların sularına çıxması qaydasını, Azərbaycan Respublikasının ərazi və daxili sularında hərəkəti qaydasını, eləcə də göstərilən üzmə vasitələri üçün yanalma körpülərinin və yerləşmə məntəqələrinin düzəldilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanının təqdimatı üzrə müəyyən edir;
6) sərhədboyu çaylarda, çöllərdə və başqa sututarlarda balıq və digər su bioresurslarının ovu müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara müvafiq surətdə aparılır.
7) dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrində, yalnız günün işıqlı vaxtında, sərhəd mühafizə orqanlarının verdiyi vəsiqələr üzrə, təyin edilmiş yanalma körpülərinə və yerləşmə məntəqələrinə qaranlıq düşənədək qayıtmaq şərti ilə yol verilir;
7-1) Bu maddənin 2-ci bəndinin dördüncü abzası və 7-ci bəndi nəzərə alınmaqla, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol verilir;
8) sərhəd mühafizə orqanlarının qoruduğu dəniz sahilboyunda, sərhədboyu çayların, göllərin, başqa sututarların sahillərində çimmək yerlərini, onların düzəldilməsi və işlədilməsi qaydasını yerli idarəetmə orqanları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edirlər;
9) Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhəd mühafizə orqanları gəmilərinin (katerlərinin) zərurət olduqda gecə vaxtı, fənəri yandırmadan üzməsinə icazə verilir. Belə hallarda gəmilərin (katerlərin) komandirləri başqa gəmilərlə toqquşmanın qarşısını alan tədbirlər görməlidirlər.