Dəmiryolu və avtomobil nəqliyyatı vasitələri Azərbaycan Respublikasının dövlət sərhədini yalnız dövlət sərhədindən buraxılış məntəqələrindən keçə bilər. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı, yerləşdiyi ərazi, həmin məntəqələrdə işin təşkili və əlaqələndirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti məntəqələri və gömrük idarələri (postları) yaradılır.
Dəniz, çay, hava nəqliyyatı vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədindən keçməsinin hüquqi əsasları bu Qanunla müəyyən edilir.
Qeyri hərbi və hərbi dəniz gəmiləri Azərbaycan Respublikasının dövlət sərhədini bu Qanuna, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən və “Dənizçilər üçün bildirişlər”də dərc edilən qaydalara müvafiq surətdə keçirlər.
Hava gəmiləri Azərbaycan Respublikasının dövlət sərhədini bu Qanuna, habelə Aeronaviqasiya Məlumatlar Toplusunda dərc edilən qaydalara uyğun olaraq xüsusi ayrılmış hava uçuş dəhlizləri vasitəsilə keçirlər. Hava dəhlizlərindən kənarda Azərbaycan Respublikası dövlət sərhədinin üzərindən uçub keçməyə yalnız Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının xüsusi icazəsi ilə yol verilir.