Qanunvericilik › Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Silahlı Qüvvələrin əsas vəzifələri

Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Dinc dövrdə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.1.1. Azərbaycan Respublikasına qarşı təcavüzün qarşısını almağa və onu dəf etməyə hazır olmaq;

4.1.2. əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq;

4.1.3. hərbi idarəetmə orqanlarının, qoşunların (qüvvələrin) döyüşə və səfərbərliyə hazırlığını təcavüzün qarşısının alınmasını təmin edəcək səviyyədə saxlamaq;

4.1.4. konstitusiya quruluşunun, suverenliyin, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;

4.1.5. Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə etmək;

4.1.6. əhalinin və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə mülki müdafiəni təşkil etmək;

4.1.7. fövqəladə halların aradan qaldırılmasında iştirak etmək;

4.1.8. Azərbaycan Respublikasının mühüm inzibati-siyasi mərkəzlərini, enerji və nəqliyyat infrastrukturunu, kommunikasiya qurğularını, xüsusi yükləri, hərbi obyektləri və digər mühüm dövlət obyektlərini mühafizə etmək;

4.1.9. azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin mühafizəsi və müşayiət olunmasını, həmçinin penitensiar müəssisələrin mühafizəsini həyata keçirmək;

4.1.10. hərbi idarəetmə orqanlarının və qoşunların (qüvvələrin) əməliyyat, döyüş, səfərbərlik və mənəvi-psixoloji hazırlıq plan və proqramlarını daim təkmilləşdirmək;

4.1.11. hərbi texnikanı, silah, sursat və avadanlıqları modernləşdirmək, yeniləmək və döyüşə hazır vəziyyətdə saxlamaq, onunla rəftaretmə bacarığını təkmilləşdirmək;

4.1.12. səfərbərlik və hərbi xidmətə çağırış üzrə tədbirlər kompleksini təkmilləşdirmək;

4.1.13. peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi-elmi potensialı artırmaq;

4.1.14. beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq;

4.1.15. beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək;

4.1.16. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə əsasən sülhün və təhlükəsizliyin dəstəklənməsi (bərpa edilməsi) üzrə əməliyyatlarda iştirak etmək və həmin öhdəliklərdən irəli gələn digər vəzifələri yerinə yetirmək;

4.1.17. ölkə ərazisinin müdafiəsi üzrə tədbirlərin və mülki müdafiə planı layihəsinin hazırlanmasında iştirak etmək.

4.2. Dinc dövrdə yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, real təhdid dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.2.1. döyüşə və səfərbərliyə hazırlığın səviyyəsini artırmaq, bununla bağlı əlavə tədbirlər kompleksini həyata keçirmək;

4.2.2. fövqəladə və hərbi vəziyyət rejimlərinin təmin edilməsi, ərazi müdafiəsi üzrə hazırlıq tədbirlərinin yerinə yetirilməsində iştirak etmək.

4.3. Dinc və real təhdid dövrlərində yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.3.1. tam və ya qismən səfərbərlik üzrə tədbirləri vaxtında yerinə yetirmək;

4.3.2. ərazi müdafiəsi üzrə vəzifələri yerinə yetirmək;

4.3.3. Azərbaycan Respublikasına qarşı təcavüzü dəf etmək, ölkə ərazisinin müdafiəsi üzrə hərbi əməliyyatlar aparmaq, düşmən qüvvələrini məğlubiyyətə uğratmaq, onları Azərbaycan Respublikasının maraqlarına uyğun şərtlərlə hərbi əməliyyatları dayandırmağa (sülh danışıqları aparmağa və sülh sazişi bağlamağa) məcbur etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver