Qanunvericilik › Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilən hərbi və mülki heyətin statusu

Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər şərtlər nəzərdə tutulmadığı hallarda, Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərdiyi hərbi və mülki heyətin hüquqi vəziyyəti bu Qanunla, əməliyyat aparmaq hüququ verən mandatla, göndərən və qəbul edən dövlətlərin əməliyyat iştirakçılarının statusuna (o cümlədən, yurisdiksiya və hüquqi yardım məsələlərinə) dair imzaladıqları beynəlxalq müqavilə ilə müəyyən edilir.

11.2. Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirak edən hərbi və mülki heyəti ərazisində əməliyyat aparılan dövlətin suverenliyinə və qanunvericiliyinə hörmət etməyə, sülhməramlı əməliyyatın mandatı çərçivəsində nəzərdə tutulan hərəkətlər istisna olmaqla, əməliyyatın məqsədlərinə uyğun olmayan istənilən hərəkətlərdən çəkinməyə, ərazisində olduğu dövlətin daxili işlərinə qarışmamağa, onun ərazisində siyasi fəaliyyətlə məşğul olmamağa və münaqişələrdə iştirak etməməyə, həmçinin əhali arasında itkilərin baş verməsinin və ekoloji və sənaye infrastrukturuna, tarixi və mədəni əhəmiyyətli obyektlərə ziyan dəyməsinin qarşısını almaq üçün bütün zəruri ehtiyat tədbirləri görməyə borcludur.

11.3. Sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Azərbaycan Respublikası tərəfindən göndərilən hərbi heyət, həmçinin onun tərkibinə bilavasitə daxil olan mülki heyət sülhməramlı əməliyyatların iştirakçı dövlətlərinin nümayəndələrindən təşkil olunmuş komandanlığa, yaxud BMT-nin, beynəlxalq regional təşkilatın qərarı ilə və ya dövlətlərarası beynəlxalq müqavilə əsasında sülhməramlı əməliyyatlara rəhbərlik etmək məqsədi ilə yaradılmış digər komanda orqanına tabedir. Heyət ərazisində sülhməramlı əməliyyatların keçirildiyi dövlətin (dövlətlərin) sərhədini keçdiyi andan həmin komandanlığın tabeliyinə keçir.

11.4. Sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Azərbaycan Respublikası tərəfindən göndərilən mülki heyət hərbi heyətin tərkibinə bilavasitə daxil deyilsə, BMT-nin, beynəlxalq təşkilatın qərarı ilə və ya dövlətlərarası beynəlxalq müqavilə əsasında yaradılan (təyin edilən) ali mülki orqana (yaxud münaqişənin nizamlanması üzrə ali siyasi nümayəndəyə) tabedir. Bu müddəa Azərbaycan Respublikasının istər milli, istərsə də beynəlxalq qeyri — hökumət təşkilatlarının əməkdaşları və ya nümayəndələri qismində sülhməramlı əməliyyatlar zonasında fəaliyyət göstərən vətəndaşlarına şamil edilmir.

11.5. Heyətin tərkibinə daxil olan hərbi qulluqçular hərbi geyim formasında olur və aidiyyəti üzrə müvafiq fərqləndirmə nişanlarına malik olurlar. Zəruri hallarda sülhməramlı əməliyyat komandanlığının qərarı ilə hərbi heyət üçün xüsusi fərqləndirmə nişanları müəyyən edilə bilər.

11.6. Nəqliyyat vasitələri, silahlar və hərbi texnika aidiyyəti üzrə müvafiq tanınma nişanlarına malik olmalıdır. Zəruri hallarda sülhməramlı əməliyyat komandanlığının qərarı ilə sülhməramlı hərbi heyətin nəqliyyat vasitələri, silahları və hərbi texnikası üçün xüsusi tanınma nişanları müəyyən edilə bilər.

11.7. Hərbi heyətin komandanlığı tərəfindən qadağan olunmuş zonaların, yaxud təhlükəsizlik zonalarının müəyyən edilməsi sülhməramlı əməliyyat komandanlığı ilə razılaşdırılmaqla həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver