12.1. Sülhməramlı əməliyyatlarda iştirak edən hərbi və mülki heyət, bir qayda olaraq, aşağıdakı məqsədlər üçün istifadə olunur:
12.1.1. düşmənçilik edən tərəflərin ayrılması;
12.1.2. vəziyyətin sabitləşdirilməsi və qabaqlayıcı tədbirlər də daxil olmaqla münaqişə regionunda təhlükəsizlik şəraitinin yaradılması;
12.1.3. münaqişə regionunda yerləşən strateji əhəmiyyətli obyekt və tikililərin, o cümlədən təhlükəli gücə malik olan qurğu və tikililərin, həmçinin sənaye infrastrukturu obyektlərinin və nəqliyyat yollarının müdafiəsi və mühafizəsi;
12.1.4. siyasi nizamlamaya, həmçinin əsirlərin dəyişdirilməsinə, qaçqınların və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılmasına, onların problemlərinin həllinə yardım göstərilməsinə dair beynəlxalq müqavilə və razılaşmaların işlənib hazırlanmasında münaqişə edən tərəflərə yardım göstərilməsi və vasitəçilik edilməsi;
12.1.5. münaqişə edən tərəflərin üzərlərinə götürdükləri atəşkəs haqqında beynəlxalq müqaviləyə riayət edilməsi, qeyd edilən rayonda silahlı qüvvələrin sayının və iştirakının məhdudlaşdırılması, onların qoşunlarının və hərbi birləşmələrinin (hərbi hissə və bölmələrinin) qeyd edilən rayonlardan çıxarılması və buraxılması kimi öhdəliklərin yerinə yetirilməsinin nəzarəti və yoxlanılması;
12.1.6. müəyyən rayona, o cümlədən ayrılma zonasına nəzarət edilməsi;
12.1.7. müşahidə postunun və nəzarət-buraxılış məntəqələrinin yaradılması, piyada, avtomobil və havadan keşik çəkmənin (patrulluğun) həyata keçirilməsi;
12.1.8. münaqişə rayonunda vəziyyətin monitorinqi və əhalinin təhlükəsizliyinin təmin olunması və insan haqlarına riayət olunması üzrə funksiyaların yerinə yetirilməsi, münaqişə edən tərəflərlə qarşılıqlı fəaliyyət göstərilməsi və əlaqə saxlanılması, münaqişənin nizamlanmasında vasitəçilik və ya müşahidəçilik funksiyalarını yerinə yetirən beynəlxalq təşkilatların nümayəndələrinin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi;
12.1.9. münaqişə regionunda inzibati (idarəetmə, məhkəmə-hüquq və s.) funksiyaların birbaşa yerinə yetirildiyi ayrı-ayrı hallarda, həmçinin seçkilərə, referendumlara hazırlıq və onların keçirilməsi, sülhün bərpası ilə bağlı münaqişədən sonrakı digər məsələlərin həlli zamanı;
12.1.10. sülhməramlı əməliyyatı aparmaq hüququ verən mandatda şərtləşdirilmiş digər funksiyaların həyata keçirilməsi.
12.2. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq və sülhməramlı əməliyyat komandanlığının əmr və göstərişləri nəzərə alınmaqla hərbi heyət özünümüdafiənin, mühafizə və təhlükəsizliyin təmin olunması ilə bağlı tədbirlər görmək hüququna malikdir.
12.3. Azərbaycan Respublikasının hərbi və mülki heyəti sülhün bərqərar edilməsi üzrə əməliyyatlarda iştirak edəcəyi təqdirdə (məcburi hərəkət elementlərindən istifadə etməklə) BMT Təhlükəsizlik Şurasının qərarı ilə əməliyyatın mandatına və sülhməramlı əməliyyat komandanlığının əmrlərinə uyğun olaraq hərbi heyətin funksiyalarına (bu Qanunun 12.1-ci maddəsində qeyd edilənlərə əlavə olaraq) döyüş əməliyyatlarının aparılması və silah (güc) tətbiq edilməsi də daxil edilə bilər.
12.4. Hərbi heyət dislokasiya olunduğu ərazilərin hüdudlarında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı əməliyyat və döyüş hazırlığı üzrə təlimlər (tədbirlər) keçirə bilər. Bu zaman təlim keçiriləcək ərazilər, təlimlərin keçirilmə qaydası və müddəti, təlimlərdə iştirak edən hərbi heyətin sayı, onların hərəkət marşrutları, döyüş atəşi mərhələləri, təhlükəsizlik zonaları, ekoloji və digər məsələlər sülhməramlı əməliyyat komandanlığının orqanları ilə razılaşdırılır.