Qanunvericilik › Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Bu Qanunda istifadə edilən əsas anlayışlar

Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.0. Bu Qanunda istifadə edilən əsas anlayışların mənası aşağıdakı kimidir:

3.0.1. sülhməramlı əməliyyatlar — dövlətlərin və beynəlxalq təşkilatların, o cümlədən hərbi və mülki heyətin iştirakı ilə, BMT-nin Nizamnaməsinə, beynəlxalq regional təşkilatların qərarlarına uyğun olaraq, yaxud beynəlxalq regional təşkilatlar və ya müqavilələr çərçivəsində, yaxud ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr əsasında lokal və regional münaqişələrin qarşısının alınması və ya onların dayandırılması və nizamlanması məqsədi ilə həmin münaqişələrə müdaxilə üzrə sistemləşdirilmiş mütəşəkkil fəaliyyətidir. Sülhməramlı əməliyyatlar sülhün qorunması, sülhün (məcburi surətdə) bərqərar edilməsi və münaqişədən sonra sülhün bərpası (sülh quruculuğu) üzrə əməliyyatları əhatə edir;

3.0.2. sülhün qorunması üzrə əməliyyatlar — BMT Nizamnaməsinin VI fəslinin müddəalarına əsasən münaqişə edən tərəflərin razılığı ilə, beynəlxalq xarakter daşımayan silahlı münaqişə baş verdikdə isə ərazisində münaqişə gedən dövlətin qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılan sülhməramlı əməliyyatlardır. Bu əməliyyatlar BMT-nin və ya beynəlxalq regional təşkilatların mandatına əsasən, yaxud beynəlxalq regional təşkilatlar və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində, yaxud ərazisində münaqişə gedən dövlətlə Azərbaycan Respublikasının bağladığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Sülhün qorunması üzrə əməliyyatlar, bir qayda olaraq atəşkəs, yaxud münaqişə edən tərəflər arasında zorakılıq hərəkətlərinin dayandırılması haqqında beynəlxalq müqavilə mövcud olduqda aparılır və artıq əldə olunmuş sülhün qorunmasına və möhkəmləndirilməsinə və ya gələcək münaqişələrin qarşısının alınmasına xidmət edir;

3.0.3. sülhün bərqərar edilməsi üzrə əməliyyatlar — BMT Nizamnaməsinin VII fəslinin müddəalarına əsasən, bir qayda olaraq, məcburi hərəkət elementlərindən istifadə olunmaqla, hər hansı bir dövlətin təcavüzünün və ya beynəlxalq sülhə və təhlükəsizliyə qarşı təhdidedici hərəkətlərinin qarşısını almaq məqsədi ilə, yaxud münaqişə edən tərəflərin və ya ərazisində münaqişə gedən dövlətin müvafiq orqanlarının beynəlxalq birlik tərəfindən müdaxiləyə razılığı olmadan həyata keçirilən sülhməramlı əməliyyatlardır. Bu əməliyyatlar yalnız BMT Təhlükəsizlik Şurasının mandatı (qətnaməsi) əsasında aparılır və beynəlxalq regional təşkilatlar, dövlətlərin koalisiyaları və ya ayrı-ayrı dövlətlər BMT Təhlükəsizlik Şurasından bilavasitə səlahiyyət almadan həmin əməliyyatları müstəqil surətdə apara bilməzlər;

3.0.4. münaqişədən sonra sülhün bərpası (sülh quruculuğu) üzrə əməliyyatlar — BMT Təhlükəsizlik Şurasının və ya beynəlxalq regional təşkilatların qərarları əsasında, yaxud beynəlxalq regional təşkilatlar və ya müqavilələr çərçivəsində, yaxud ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrə əsasən aparılan humanitar və iqtisadi yardım göstərilməsi, seçki və referendumlara hazırlıq və onların keçirilməsi, siyasi və inzibati idarəetmə strukturlarının bərpası, hərbi əməliyyatların sabiq iştirakçılarının demilitarizasiyası və onlara bəraət verilməsi də daxil olmaqla, münaqişənin baş verdiyi regionda dinc həyatın bərpası üzrə əlaqələndirilmiş kompleks tədbirlərin görülməsinə yönəlmiş sülhməramlı əməliyyatlardır;

3.0.5. Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatları — əməliyyat aparmaq səlahiyyətlərinin BMT tərəfindən bilavasitə verilməsi şərti ilə istər BMT-nin rəhbərliyi və nəzarəti altında çoxtərəfli kontingentlər, istərsə də dövlətlərin koalisiya qüvvələri tərəfindən BMT Təhlükəsizlik Şurasının mandatı (qətnaməsi) əsasında aparılan sülhün qorunması və ya sülhün bərqərar edilməsi üzrə əməliyyatlardır;

3.0.6. beynəlxalq regional təşkilatların sülhməramlı əməliyyatları — BMT tərəfindən səlahiyyətləri BMT Nizamnaməsinin VIII fəslinin müddəalarına uyğun hesab edilmiş beynəlxalq regional təşkilatın qərarı ilə aparılan sülhün qorunması üzrə əməliyyatlardır;

3.0.7. lokal sülhməramlı əməliyyatlar — BMT və ya beynəlxalq regional təşkilatın mandatı olmadan dövlətlərin ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında aparılan sülhün qorunması üzrə əməliyyatlardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver