4.1. Ərazisində lokal, yaxud regional münaqişənin qaçılmaz olduğu və ya artıq baş verdiyi dövlətlərlə Azərbaycan Respublikası arasında bağlanmış beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadıqda, Azərbaycan Respublikası həmin dövlətlərin daxili işlərinə birbaşa və ya dolayı yolla həyata keçirilən istənilən müdaxilədən imtina etməlidir.
4.2. Azərbaycan Respublikası bütün dövlətlərlə münasibətlərdə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən imtina etməli, ərazi və yaxud digər mübahisə və münaqişələri yarandıqda isə ilk növbədə tənzimlənmənin və vasitəçiliyin mövcud olan dinc mexanizmlərini tətbiq etməlidir.
4.3. Azərbaycan Respublikasının, yaxud onun vətəndaşlarının iştirakı ilə beynəlxalq və ya beynəlxalq xarakter daşımayan münaqişə baş verdiyi təqdirdə və həmin münaqişənin dayandırılması və tənzimlənməsi üçün beynəlxalq iştirak, vasitəçilik və ya müdaxilə tələb olunduqda Azərbaycan Respublikası BMT və müvafiq beynəlxalq regional təşkilatlara bu barədə dərhal məlumat verməli və həmin təşkilatlar yardım və vasitəçilik etməyə hazır olduqları halda ilk növbədə onların yardımını və yaxud vasitəçiliyini qəbul etməlidir.
4.4. Azərbaycan Respublikası öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə və ya beynəlxalq təşkilatlara müraciət edə və onlardan yardım istəyə bilər.