Qanunvericilik › Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Sülhməramlı əməliyyatlarda iştirakın beynəlxalq hüquqi əsasları və zəruri şərtləri

Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Azərbaycan Respublikasının hərbi və mülki heyətinin sülhməramlı əməliyyatlarda iştirakı ilə əlaqədar respublika ərazisindən kənara göndərilməsi aşağıdakı hallarda həyata keçirilir:

5.1.1. BMT Təhlükəsizlik Şurasının qərarı (qətnaməsi) və BMT-nin mandatı olduqda, həmçinin BMT Təhlükəsizlik Şurasının sərəncamına verilən silahlı qüvvələrdən istifadə edildiyi hallarda BMT Təhlükəsizlik Şurası ilə xüsusi razılaşma olduqda BMT Nizamnaməsinin VI və VII fəsillərinin müddəalarına uyğun olaraq həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak etmək üçün;

5.1.2. beynəlxalq regional təşkilatların müvafiq qərarı olduqda, yaxud Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ya BMT tərəfindən səlahiyyətləri BMT Nizamnaməsinin VIII fəslinin müddəalarına uyğun hesab edilmiş beynəlxalq regional təşkilatlar çərçivəsində, həmçinin ərazisində münaqişə gedən dövlətin beynəlxalq müdaxiləyə və münaqişənin dayandırılmasında və tənzimlənməsində yardıma razılığı olduqda BMT Nizamnaməsinin VI fəslinin müddəalarına uyğun olaraq beynəlxalq regional təşkilatlar tərəfindən həyata keçirilən və məcburi hərəkətlərə yol verilməyən sülhməramlı əməliyyatlarda iştirak etmək üçün;

5.1.3. ərazisində münaqişə gedən dövlətlə ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr mövcud olduqda, həmçinin sonuncunun Azərbaycan Respublikasının müdaxiləsinə və münaqişənin dayandırılmasında və tənzimlənməsində yardım etməsinə razılığı olduqda BMT Nizamnaməsinin VI fəslinin müddəalarına uyğun olaraq həyata keçirilən lokal sülhməramlı əməliyyatlarda iştirak etmək üçün.

5.2. Bu Qanunun 5.1-ci maddəsində göstərilən əsaslar mövcud olmadıqda və ya onların hüquqi tərtibatı qeyri-müəyyən olduqda sülhməramlı əməliyyatlarda iştirak etmək üçün hərbi və mülki heyətin Azərbaycan Respublikasının ərazisindən kənara göndərilməsi qadağandır.

5.3. Azərbaycan Respublikası tərəfindən sülhməramlı əməliyyatlarda iştirak etmək məqsədi ilə hərbi və mülki heyətin göndərilməsi haqqında ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilə imzalandığı təqdirdə, həmin müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qanunla müəyyən edilmiş qaydada ratifikasiya edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver