11.1. Lisenziyanın alınması üçün BOKT Mərkəzi Bankına aşağıdakı sənədləri və məlumatları təqdim etməlidir:
11.1.1. təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
11.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
11.1.2-1. BOKT-nin təklif edilən nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) miqdarı, hər bir pay sahibinin (təsisçinin) payı (əmlak haqqı) və payın (əmlak haqqının) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi barədə məlumatlar və sənədlər;
11.1.3. minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
11.1.3-1. Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçılar arasında münasibətlər və benefisiar mülkiyyətçi (mülkiyyətçilər), o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
11.1.3-2. mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin) siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
11.1.4. təşkilati strukturu haqqında məlumat;
11.1.5. inzibatçılarının peşə yararlılığı və vətəndaş qüsursuzluğu barədə məlumat, inzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
11.1.5-1. təsisçinin (təsisçilərin) (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) qəsdən törədilmiş cinayətlərə görə məhkumluğunun olmaması haqqında məlumat. Təsisçi (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun qəsdən törədilmiş cinayətlərə görə məhkumluğunun olmaması barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
11.1.5-2. təsisçi hüquqi şəxs olduqda hüquqi şəxsin adı, ünvanı, fəaliyyət növü haqqında məlumatlar, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti. Təsisçi xarici hüquqi şəxs olduqda isə əlavə olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş nizamnamə (əsasnamə), onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd;
11.1.5-3. təsisçi iştirak payını əldə etmək istəyən fiziki şəxs olduqda soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;
11.1.5-4. təsisçi (təsisçilər) xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və ya xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat.
11.1.6. kommersiya strategiyası, maliyyələşdirmə mənbələri, kredit siyasətinin əsas göstəriciləri (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditlərin verilməsi müddətləri, faiz dərəcələri və s.), daxili nəzarət sistemi və ilk üç il üçün maliyyə proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabatı) əks etdirilən biznes-plan;
11.1.7. xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
11.1.8. lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
11.1-1. Lisenziyanın alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
11.2. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan məlumatlar lisenziyanın alınması üçün ərizə verən şəxs (şəxslər) tərəfindən imzalanır. Ərizənin forması və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
11.3. Lisenziyanın alınması üçün müraciətə Mərkəzi Bank tərəfindən 30 gün müddətində baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda (bu Qanunun 11.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) Mərkəzi Bankı onların aradan qaldırılması barədə ərizə qəbul edildikdən sonra 15 gündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mərkəzi Bankı 15 gün müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir.