Qanunvericilik › Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. BOKT-lərin fəaliyyəti

Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə, habelə bu məqsədlə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada ödəniş hesabları aça və apara, kredit kartları emissiya edə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər.

15.2. Kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər:

15.2.1. borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);

15.2.2. lizinq;

* (15.2.2-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

15.2.3. veksellərin uçotu;

15.2.4. qarantiyanın verilməsi;

15.2.5. sığorta agenti və (və ya) ödəniş agenti xidmətlərinin göstərilməsi;

15.2.6. borc alanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi.

15.3. Bu Qanunun 15.2-ci maddəsində göstərilən fəaliyyət növləri üçün qanunvericiliklə lisenziyanın alınması tələb olunduqda, BOKT həmin fəaliyyət növləri ilə müvafiq lisenziya aldıqdan sonra məşğul ola bilər.

15.4. BOKT-nin hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.

15.5. BOKT tərəfindən aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə tənzimlənir. BOKT aidiyyəti olan şəxslərə kreditlərin verilməsi zamanı, həmçinin bu Qanunun 19.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən olunan prudensial normativlərə və tələblərə əməl etməlidir.

15.6. BOKT vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinə Azərbaycan Respublikasının ərazisində hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver