Qanunvericilik › Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7-1

Maddə 7-1. Nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi

Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7-1.1. BOKT-nin nizamnamə (şərikli) kapitalında hər hansı şəxs tərəfindən mühüm iştirak payının, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə (şərikli) kapitalının 20, 33 və 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payının əldə edilməsi üçün BOKT-nin səlahiyyətli idarəetmə orqanı bu barədə qərarı və müraciəti ilə birlikdə aşağıdakı sənədləri və məlumatları Mərkəzi Banka təqdim edir:

7-1.1.1. iştirak payını əldə etmək istəyən hüquqi şəxs olduqda:

7-1.1.1.1. hüquqi şəxsin adı, ünvanı, fəaliyyət növü haqqında məlumatları, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surətini;

7-1.1.1.2. həmin hüquqi şəxsin icra orqanının rəhbərinin vətəndaş qüsursuzluğu barədə məlumatı (rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayışı);

7-1.1.1.3. hüquqi şəxs xarici hüquqi şəxs olduqda yuxarıda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş nizamnaməsini (əsasnaməsini), onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənədi;

7-1.1.2. iştirak payını əldə etmək istəyən fiziki şəxs olduqda:

7-1.1.2.1. soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumatı və sənədləri, habelə vətəndaş qüsursuzluğu barədə məlumatı;

7-1.1.2.2. fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayışı;

7-1.1.2-1. iştirak payını əldə etmək istəyən xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənədi, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surətini, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumatı;

7-1.1.3. iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatı və sənədlərı.

7-1.2. Mərkəzi Bank bu Qanunun 7-1.1-ci maddəsinə uyğun verilmiş ərizəyə ən geci 20 iş günü müddətində baxır və icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

7-1.2.1. bu Qanunun 7-1.1-ci maddəsində nəzərdə tutulan məlumatlar və sənədlər tam təqdim olunmadıqda;

7-1.2.2. payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda və ya bu Qanunun 12.1.2-2-ci maddəsində göstərilən faktlar müəyyən edildikdə;

7-1.2.3. iştirak payını əldə etmək istəyən şəxslər (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə.

7-1.3. İştirak payının əldə edilməsi barədə Mərkəzi Bankın verdiyi icazədə iştirak payının alınmasının son müddəti göstərilir. Bu müddət bitdikdən sonra və ya Mərkəzi Bankın icazəsi olmadan iştirak payının əldə edilməsi barədə əqdlər bağlanıldıqda, həmin əqdlər bağlanıldığı andan etibarsız hesab edilir.

7-1.4. Mərkəzi Bank bu Qanunun 7-1.2.2-ci və 7-1.2.3-cü maddələrində göstərilən halları aşkar etdikdə iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya BOKT tərəfindən geri alınması (əldə edilməsi) barədə məhkəməyə ərizə ilə müraciət edir.

7-1.5. BOKT-nin kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə (şərikli) kapitalındakı payını 20, 33 və 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver