8.1. BOKT-nin idarəetmə orqanları təşkilati-hüquqi formasından asılı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada formalaşdırılır.
8.2. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:
8.2.1. Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya BOKT-nin fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 5 illik iş təcrübəsinin olması;
8.2.2. kollegial icra orqanının rəhbəri və üzvləri və ya təkbaşçı icra orqanının rəhbəri, habelə xarici BOKT-nin yerli filialının rəhbəri üçün – iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin (azı 1 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya BOKT-nin fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması;
8.2.3. BOKT-nin daxili auditoru və BOKT-nin filialının rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin olması;
8.2.4. BOKT-nin, o cümlədən xarici BOKT-nin yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - iqtisadiyyat sahəsində ali təhsil və mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması.
BOKT-nin, o cümlədən xarici BOKT-nin yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır.
8.2-1. Bu Qanunun 8.2.4-cü maddəsində baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.
8.3. Qanunla müəyyən edilmiş qaydada müvafiq vəzifənin tutulması qadağan edilən, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər BOKT-nin inzibatçıları ola bilməzlər.