57-11.1. Bankın kreditorları qarşısında olan öhdəlikləri, bankın sığortalanmış əmanətçiləri qarşısında olan öhdəlikləri istisna olmaqla, bu Qanun ilə müəyyən edilmiş qaydada könüllü restrukturizasiya edilə bilər.
57-11.2. Bank, öz öhdəliyinin (öhdəliklərinin) icrası ilə bağlı kreditorun (kreditorların) tələbini (tələblərini) pul vəsaitinin olmaması, çatışmaması və ya hər hansı əsaslarla pul vəsaitinin istifadəsinin mümkün olmaması səbəbindən icra etmək imkanında olmaması və ya icra etmək imkanında olmaması təhlükəsi yarandıqda Müşahidə Şurasının bu barədə qərarı əsasında bankın öhdəliklərinin könüllü restrukturizasiyası prosesinə başlaya bilər. Müşahidə Şurasının bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qərarının surəti həmin qərar qəbul olunduğu tarixdən sonrakı birinci iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim olunmalıdır.
57-11.3. Mərkəzi Bank bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında Müşahidə Şurasının qərarını aldıqdan sonra 10 təqvim günü ərzində bankın öhdəliklərinin könüllü restrukturizasiyası məsələlərinə dair bankla yazılı razılaşma bağlayır. Bu müddət Mərkəzi Bankın qərarı ilə 10 təqvim günü müddətinədək uzadıla bilər.
57-11.4. Mərkəzi Bank ilə bank arasında bankın öhdəliklərinin könüllü restrukturizasiyasına dair yazılı razılaşma bağlandıqdan sonra 10 təqvim günü ərzində, bank restrukturizasiya planının layihəsini hazırlayır və baxılması üçün yazılı surətdə Mərkəzi Banka təqdim edir.
57-11.5. Mərkəzi Bank baxılmaq üçün ona təqdim edilmiş restrukturizasiya planının layihəsinə dair təklifləri olduqda, bu barədə banka yazılı bildiriş təqdim edir və restrukturizasiya planına əlavə və (və ya) dəyişikliklərin edilməsini tələb edir. Bank restrukturizasiya planına əlavə və (və ya) dəyişiklikləri etdikdən sonra, restrukturizasiya planının layihəsini təkrar yazılı surətdə Mərkəzi Banka təqdim edir. Mərkəzi Bank restrukturizasiya planının layihəsi ilə razı olduqda, bu barədə banka yazılı bildiriş göndərir.
57-11.6. Restrukturizasiya planına razılıq barədə Mərkəzi Bankın yazılı bildirişini aldıqdan sonra bank, Mərkəzi Bank tərəfindən bildirişdə müəyyən edilmiş müddətdə öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir. Restrukturizasiyaya başlamaq haqqında məhkəmənin qərarı (bundan sonra - bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı) qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyanın aparıldığı, lakin hər bir halda 180 gündən artıq olmayan müddət ərzində bu Qanunun 57-11.8-ci və 57-11.21-ci maddələrində nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunur. Bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın Mərkəzi Bank ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər. Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.
57-11.7. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qəbul olunduğu tarixdən 7 təqvim günü ərzində bank restrukturizasiya planına daxil edilmiş öhdəliklərinin restrukturizasiyası barədə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən azı iki dövri mətbu nəşrdə və bir beynəlxalq səviyyədə tanınmış nəşrdə, habelə özünün rəsmi internet səhifəsində məlumat dərc etdirməli və həmin məlumatlarda bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarının və restrukturizasiya planının surətlərinin məhkəmədən və ya bankın hüquqi ünvanından tələbləri restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar tərəfindən əldə edilə bilməsi imkanı göstərilməlidir.
57-11.8. Bu Qanunun 57-11.6-cı maddəsinə müvafiq olaraq, bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən bank aşağıdakı hüquqlara malikdir:
57-11.8.1. alqı-satqı, dəyişdirmə, bağışlama müqavilələrinin və ya bankın hər hansı əmlakının özgəninkiləşdirilməsi ilə bağlı olan hər hansı digər müqavilələrin icra edilməsini, bank üçün hər hansı risk, o cümlədən, kredit riski yaradan borc, kredit, qarantiya və ya hər hansı maliyyələşdirmə növlərini təqdim edən müqavilələrin bağlanmasını dayandırmaq;
57-11.8.2. bankın məhkəmə tərəfindən təsdiq edilmiş restrukturizasiya planına daxil edilən öhdəliklərinin icrasını dayandırmaq.
57-11.9. Bank restrukturizasiya planına dair razılığın alınması məqsədilə tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorların yığıncağını çağırmalıdır. Kreditorların yığıncağının keçirilməsinədək olan müddət ərzində bu Qanunun 57-11.5-ci maddəsinə əsasən razılaşdırılmış plana dəyişikliklər edilərsə, restrukturizasiya planı kreditorların yığıncağının keçirilməsinə ən azı 30 təqvim günü qalmış baxılması üçün Mərkəzi Banka təqdim edilir.
57-11.10. Mərkəzi Bank 10 təqvim günü ərzində bu Qanunun 57-11.9-cu maddəsinə əsasən təqdim edilən restrukturizasiya planına baxır və həmin plana dair qeydləri olduqda onların aradan qaldırılmasını yazılı surətdə bankdan tələb edir. Bank Mərkəzi Bankın restrukturizasiya planına dair təkliflərini nəzərə almalı və müvafiq düzəlişlər edərək həmin planı Mərkəzi Banka təqdim etməlidir. Bank Mərkəzi Bank tərəfindən təsdiq edilmiş restrukturizasiya planı barədə 5 iş günü ərzində Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən azı iki dövri mətbu nəşrdə və bir beynəlxalq səviyyədə tanınmış nəşrdə, habelə özünün rəsmi internet səhifəsində məlumat dərc etdirməlidir və həmin məlumatlarda restruktizasiya planının surətinin bankın hüquqi ünvanından tələbləri restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar tərəfindən əldə edilə bilməsi imkanı göstərilməlidir.
57-11.11. Tələblərinin restrukturizasiya olunması nəzərdə tutulan kreditorlar yığıncaqda şəxsən və ya öz səlahiyyətli nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlar tərəfindən restrukturizasiya planının təsdiq edilməsi üçün restrukturizasiya planına əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin ən azı üçdə iki hissəsinə malik olan kreditorların razılığı tələb edilir.
57-11.12. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq edildikdən sonra, bank 1 iş günü ərzində restrukturizasiya planını yazılı surətdə Mərkəzi Banka təqdim edir. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq edilmədikdə, bank öhdəliklərinin restrukturizasiyanın bu Qanunun 57-11.11-ci maddəsində nəzərdə tutulmuş qaydada mümkün olmaması barədə Mərkəzi Banka 1 iş günü ərzində yazılı məlumat göndərir. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq edilmədikdə, bankın öhdəliklərinin könüllü restrukturizasiyası baş tutmamış sayılır. Restrukturizasiya planının bu Qanunun 57-11.11-ci maddəsinə müvafiq olaraq kreditorlar tərəfindən təsdiq edilməsi şərti ilə, bankın öhdəliklərinin könüllü restrukturizasiyası bankın kreditorlar qarşısında daşıdığı və restrukturizasiya planına uyğun olaraq restrukturizasiyası nəzərdə tutulan bütün öhdəliklərinə münasibətdə aparılır.
57-11.13. Restrukturizasiya planına Mərkəzi Bank tərəfindən baxıldıqdan sonra bank restrukturizasiya planının təsdiq edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir.
57-11.14. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası planının təsdiq edilməsi haqqında məhkəmə qərarı qüvvəyə mindiyi andan və restrukturizasiya planı qüvvədə olduğu müddət ərzində:
57-11.14.1. banka qarşı restrukturizasiya edilməsi nəzərdə tutulan öhdəliklər üzrə hər hansı müvafiq icra sənədi üzrə başlanılmış icraat dayandırılmalıdır;
57-11.14.2. öhdəliklərinin restrukturizasiya edilməsi nəzərdə tutulan kreditorların banka qarşı həmin öhdəliklərdən irəli gələn tələblərinin icrası dayandırılır.
57-11.15. Bankın restrukturizasiya planı ən azı aşağıdakı məlumatları özündə əks etdirməlidir:
57-11.15.1. restrukturizasiyanın məqsədini, aparılması qaydasını və müddətini;
57-11.15.2. restrukturizasiyaya məruz qalan öhdəliklərin siyahısını;
57-11.15.3. restrukturizasiya çərçivəsində aparılması nəzərdə tutulan tədbirlərin siyahısını;
57-11.15.4. bankın fəaliyyətinə tətbiq edilməli olan məhdudiyyətləri.
57-11.16. Restrukturizasiya olunan bank hər hansı bank holdinq şirkətinə daxil olduqda, bankın restrukturizasiya planında restrukturizasiya zamanı bank holdinq şirkətinin törəmə banklarına təsir edən amillər göstərilməlidir.
57-11.17. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına aşağıdakı hallarda xitam verilir:
59-11.17.1. məhkəmə tərəfindən bu Qanunun 57-12-ci maddəsinə uyğun olaraq bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qərar qəbul edildikdə;
57-11.17.2. öhdəlikləri restrukturizasiya olunan bankın lisenziyasının ləğvi və məcburi ləğv edilməsi barədə Mərkəzi Bank tərəfindən qərar qəbul edildikdə;
57-11.17.3. bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi barədə bankın Müşahidə Şurasının qərarı olduqda.
57-11.18. Restrukturizasiya planının tam icra edilməsi ilə əlaqədar bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verildikdə bankın restrukturizasiya planına daxil edilmiş öhdəlikləri lazımi qaydada icra edilmiş hesab edilir.
57-11.19. Bank restrukturizasiya planında nəzərdə tutulmuş qaydada və müddətdə bankın öhdəliklərinin könüllü restrukturizasiyanın başa çatdırılması barədə bildirişi 3 təqvim günü ərzində və ya bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi barədə məhkəmə qərarının surətini qərar qüvvəyə mindiyi tarixdən 10 təqvim günü müddətində Mərkəzi Banka və tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlarına göndərməlidir.
57-11.20. Mərkəzi Bank bank tərəfindən restrukturizasiya planının icra edilməsinə nəzarəti həyata keçirir.
57-11.21. Restrukturizasiya planında nəzərdə tutulan hallardan başqa, bank onun öhdəliklərinin restrukturizasiyası zamanı bankın digər hüquqi şəxslərdə iştirak etməsi və ya iştirak payının artırılması barədə qərar qəbul edə bilməz.