57-12.1. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qərar Mərkəzi Bankın müraciəti əsasında aşağıdakı əsaslardan biri mövcud olduqda məhkəmə tərəfindən qəbul edilir:
57-12.1.1. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarında nəzərdə tutulmuş restrukturizasiya müddəti başa çatdıqda;
57-12.1.2. restrukturizasiya planında nəzərdə tutulmuş tədbirlər tam icra edildikdə;
57-12.1.3. bankın könüllü restrukturizasiyası vaxtından əvvəl Mərkəzi Bankın qərarı ilə aşağıdakı hallarda dayandırıldıqda:
57-12.1.3.1. bankın öhdəliklərinin könüllü restrukturizasiyasının bankın maliyyə sağlamlığına və fəaliyyətinin yaxşılaşdırılması ilə nəticələnməsinə gətirib çıxarmayacağına kifayət qədər əsaslar olduqda;
57-12.1.3.2. kreditorların bu Qanunun 57-11.11-ci maddəsində nəzərdə tutulmuş qaydada razılığı olmadıqda;
57-12.1.3.3. restrukturizasiya planında nəzərdə tutulmuş tədbirlər həmin plana uyğun yerinə yetirilmədikdə;
57-12.1.3.4. bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi dövründə Mərkəzi Bankın sərəncam və ya digər yazılı göstərişləri yerinə yetirilmədikdə.
57-12.2. Restrukturizasiya planına əsasən bütün tədbirlərin həyata keçirilməsi restrukturizasiya edilmiş öhdəliklər üzrə bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qüvvəyə mindiyi tarixə qədər hər hansı müvafiq icra sənədi üzrə başlanılmış icraata xitam verilir.