57-3.1. Müvəqqəti inzibatçı bankın əmlakının və sənədlərinin mühafizəsi və qorunması üçün tədbirlər görməlidir. Müvəqqəti inzibatçı təyin edildiyi gündən 30 təqvim günü ərzində bankın aktiv və öhdəliklərinin inventarizasiyasını aparmalı və bankın yenilənmiş balans hesabatını hazırlamalıdır.
57-3.2. Təyin oldunduğu gündən 45 təqvim günü ərzində müvəqqəti inzibatçı bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan halların, o cümlədən aşağıdakı halların müəyyən edilməsi üçün bankın son 2 il ərzində bağlamış olduğu müqavilələri, sazişləri, habelə həyata keçirdiyi əməliyyatları təhlil edir:
57-3.2.1. bankın əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsini və ya istifadəyə verilməsini;
57-3.2.2. normal bazar şəraitində tətbiq edilməyən güzəştlərin kredit müqavilələri ilə müştəriyə verilməsini;
57-3.2.3. kredit və ya digər müqavilələrin bankın aktivlərinin ələ keçirilməsi məqsədi ilə bağlanmasını;
57-3.2.4. bankın bəzi kreditorlara imtiyazlar və güzəştlər verən ödənişlərlə və ya əmlakla bağlı əqdlər bağlamasını;
57-3.2.5. banka aidiyyəti olan şəxslərlə qanunvericiliyin tələblərini pozan və ya bankın əmanətçilərinin və kreditorlarının maraqlarına təhlükə yaradan müqavilələrin bağlanmasını;
57-3.2.6. bağlanmış müqavilələr əsasında əmlakı, malları və xidmətləri onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə bankın satın almasını;
57-3.2.7. kreditlərin təminatı kimi çıxış edən əmlakın dəyərinin şişirdilməsini.
57-3.3. Bu Qanunun 57-3.2-ci maddəsində nəzərdə tutulmuş müqavilələr etibarsız hesab olunur. Müvəqqəti inzibatçı qeyd olunan müqavilələr əsasında bankın əldən çıxmış aktivlərinin geri qaytarılması, habelə banka dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür.
57-3.4. Müvəqqəti inzibatçının bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi qərarlarından maraqlı şəxslər məhkəməyə şikayət verə bilər.