10.1. Respublika idman federasiyası öz statusuna görə qeyri-hökumət təşkilatıdır. Respublika idman federasiyalarının yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən həyata keçirilir.
10.2. Azərbaycan Respublikasının ərazisində bir idman növü üzrə yalnız bir ictimai birlik respublika idman federasiyası qismində akkreditasiya oluna bilər.
10.3. İctimai birliklərə respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İctimai birlik Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası statusunu alır və respublika idman federasiyalarının dövlət reyestrinə daxil edilir.
10.4. Olimpiya, paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarının proqramlarına daxil olunmuş idman növləri üzrə respublika idman federasiyaları idmançıların olimpiya oyunlarına hazırlığı və iştirakı prosesində Milli Olimpiya, Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri ilə əməkdaşlıq edirlər.