9.1. Bədən tərbiyəsi və idmanın inkişafı üçün yaradılan və əsas məqsədləri əhalinin sağlamlığının qorunması, möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, ehtiyat idman qüvvələrinin və yüksək dərəcəli idmançıların hazırlanması olan, mülkiyyət formasından asılı olmayaraq bütün müxtəlif tipli təşkilatlar, qurumlar, cəmiyyətlər, müəssisələr, assosiasiyalar və bu yönümlü digər birliklər bədən tərbiyəsi-idman təşkilatları hesab olunurlar.
9.2. Bədən tərbiyəsi-idman təşkilatları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada kommersiya və qeyri-kommersiya təşkilatları statusunda yaradıla bilərlər. Kommersiya və qeyri-kommersiya bədən tərbiyəsi-idman təşkilatlarının yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi müvafiq qanunvericiliyə və bədən tərbiyəsi-idman təşkilatlarının təsis sənədlərinə uyğun şəkildə həyata keçirilir.
9.3. Bədən tərbiyəsi-idman təşkilatları əhalinin müxtəlif qrupları arasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə işin təşkilində iştirak edir, təlim-məşq tədbirlərində və idman yarışlarında iştirak edənlərin, o cümlədən idmançılar və digər iştirakçıların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün şərait yaradır, təlim-məşq proseslərinin tələb olunan səviyyədə təşkilini təmin edir, həmçinin yüksək idman nəticələrinin əldə edilməsi məqsədi ilə məşqçilərə və idmançılara köməklik göstərir.
9.4. Bədən tərbiyəsi-idman təşkilatlarının, o cümlədən idman klublarının maliyyələşdirilməsi ianələr verən hüquqi və fiziki şəxslər tərəfindən, eləcə də idman yarışlarının keçirilməsindən, əhaliyə pullu idman xidmətlərindən, sahibkarlıq fəaliyyətindən, habelə qanunvericiliklə qadağan olunmayan digər fəaliyyətlərdən əldə olunan vəsaitlər hesabına həyata keçirilə bilər.
9.5. Bədən tərbiyəsi-idman təşkilatları beynəlxalq idman birliklərinin üzvü ola bilər, beynəlxalq idman birliklərinin üzvü statusuna uyğun şəkildə qanunvericiliyə zidd olmayan hüquqlar əldə edə və vəzifələr daşıya bilərlər.
9.6. Bədən tərbiyəsi və idman yönümlü qeyri-hökumət təşkilatları öz fəaliyyətlərində “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Qanunu və digər normativ hüquqi aktları rəhbər tuturlar.