15.1. Milli Olimpiya Komitəsi ölkə ərazisində olimpiya hərəkatına aid olan məsələlərin həllində səlahiyyətli olan, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyasına, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən müstəqil ictimai birlikdir.
15.2. Milli Olimpiya Komitəsi aşağıdakıları həyata keçirir:
15.2.1. ölkədə olimpiya hərəkatı prinsiplərini təbliğ edir, yüksək nailiyyətlər idmanının və kütləvi idmanın inkişafına dəstək göstərir;
15.2.2. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyasına müvafiq olaraq olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində dövləti təmsil edir;
15.2.3. Milli Olimpiya Komitəsinin nümayəndə heyətinin tərkibini təsdiq edir və onun olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində iştirakını təmin edir;
15.2.4. olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində iştirak edən nümayəndə heyətlərinin üzvlərinin geyimlə təchizatını, yol, yataq, yemək və digər xərclərinin ödənilməsini təmin edir;
15.2.5. Milli Olimpiya Komitəsinin nümayəndə heyəti üzvlərinin rəsmi idman forması və geyimlərinin eskizlərini təsdiq edir;
15.2.6. ölkə idmançılarının olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində iştirakı üçün zəruri hazırlıq səviyyəsinin təmin edilməsinə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
15.2.7. ölkədə olimpiya oyunlarının keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət etmək hüququ olan şəhəri müəyyən edir.
15.3. Milli Olimpiya Komitəsi tərəfindən bu Qanunun 15.2.1-ci və 15.2.6-cı maddələri ilə nəzərdə tutulmuş məsələlərin həlli müvafiq icra hakimiyyəti orqanı və müxtəlif respublika idman federasiyaları ilə qarşılıqlı əlaqə və əməkdaşlıq şəraitində həyata keçirilir.
15.4. Milli Olimpiya Komitəsi öz adından və rəsmi “Milli olimpiya komandası” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Kommersiya və reklam məqsədləri ilə bu adlardan və ya onlardan yaranmış sözlərdən və söz birləşmələrindən istifadə edilməsinə yalnız Milli Olimpiya Komitəsi ilə yazılı şəkildə bağlanmış müqavilə əsasında icazə verilir. Bu adlar və ya onlardan yaranmış sözlər və söz birləşmələrindən informasiya təminatı məqsədləri ilə və ya mediada olimpiya oyunlarının və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərinin işıqlandırılması hüququnun əldə edilməsi halları istisna təşkil edir.
15.5. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyasına müvafiq olaraq Milli Olimpiya Komitəsi ölkə ərazisində Beynəlxalq Olimpiya Komitəsinə məxsus olimpiya simvollarından, şüarlarından, bayraq və himndən, “Olimpiya oyunları” adından istifadəyə dair hüquqların qorunması üzrə tədbirlər həyata keçirir. Milli Olimpiya Komitəsi özünün emblemi, şüarı, bayrağı və digər milli olimpiya simvolları üzərində müstəsna hüquqa malikdir.
15.6. Milli Olimpiya Komitəsi bədən tərbiyəsi və idmanın inkişafına dair nizamnamə məqsədləri və proqramlarının icrasını öz maliyyə mənbələri hesabına, o cümlədən hüquqi və fiziki şəxslərin ianələri, habelə qanunvericilikdə müəyyən edilmiş qaydada ayrılan dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirir.
15.7. Milli yığma komandaların olimpiya oyunlarında çıxışları Dövlət bayrağı altında həyata keçirilir.