16.1. Ölkədə paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatları müvafiq olaraq beynəlxalq paralimpiya, beynəlxalq deflimpiya və beynəlxalq xüsusi olimpiya hərəkatlarının tərkib hissələri olub, məqsədləri əlilliyi olan şəxslərin bədən tərbiyəsi və idmanının inkişafına dəstək vermək, bu sahələrdə əməkdaşlığı möhkəmləndirmək, paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarında iştirak etmək və uğur qazanmaqdır.
16.2. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri öz fəaliyyətlərini qeyri-hökumət təşkilatları haqqında qanunvericilik, müvafiq beynəlxalq idman təşkilatlarının nizamnamələri və beynəlxalq idman təşkilatları tərəfindən tanınma əsasında, həmçinin öz nizamnamələrinə uyğun qururlar.
16.3. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri milli yığma komandaları müvafiq olaraq paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarında, Beynəlxalq Paralimpiya Komitəsinin, Beynəlxalq Deflimpiya, Beynəlxalq Xüsusi Olimpiya təşkilatlarının hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində təmsil edirlər.
16.4. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri bədən tərbiyəsi və idmanın inkişafına dair nizamnamə məqsədləri və proqramlarının icrasını öz vəsaitləri hesabına, hüquqi və fiziki şəxslərin ianələri, habelə qanunvericiliklə qadağan edilməyən digər vəsaitlər hesabına həyata keçirirlər.
16.5. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri öz fəaliyyətlərində müvafiq beynəlxalq təşkilatların qaydalarını və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutan, ölkədə paralimpiya, deflimpiya və xüsusi olimpiya hərəkatlarına aid məsələlərin həllini həyata keçirən ictimai birliklərdir.
16.6. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri aşağıdakıları həyata keçirirlər:
16.6.1. Beynəlxalq Paralimpiya Komitəsinin, Deflimpiya və Xüsusi Olimpiya təşkilatlarının hamiliyi (rəhbərliyi) altında keçirilən paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda ölkəni təmsil edir, bu tədbirlərdə iştirak edən milli yığma komandaları formalaşdırır, onların hazırlığını və texniki təchizatını təmin edir;
16.6.2. əlilliyi olan şəxsləri bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edir, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məsələlərinin həlli ilə məşğul olan strukturlar (şöbələr, filiallar, adaptiv idman məktəbləri və sair) yaradır;
16.6.3. paralimpiya, deflimpiya və xüsusi olimpiya idman növlərinin yerlərdə inkişafının təmin edilməsi üçün dövlət orqanlarının və bələdiyyələrin xüsusi idman obyektləri və bazalarının inşa edilməsi, mövcud idman obyektlərində şərait və imkanların yaradılması tədbirlərinin hazırlanmasında və icrasında iştirak edir;
16.6.4. ölkə ərazisində qəbul olunan və inkişaf etdirilən paralimpiya, deflimpiya və xüsusi olimpiya idman növlərinin idman təsnifatını, şərtlərini və ardıcıllığını müəyyən edir və təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir;
16.6.5. beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq Paralimpiya Komitəsi, Deflimpiya və Xüsusi Olimpiya təşkilatları ilə müqavilələr bağlayır, xarici dövlətlərin Paralimpiya Komitəsi, Deflimpiya və Xüsusi Olimpiya təşkilatları ilə əlaqələr yaradır, əməkdaşlıq edir, ölkədə keçirilən tədbirlərə onları dəvət edir, xarici ölkələrdə təşkil edilən idman tədbirlərində iştirak edir.
16.7. Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika yarışları təqvim planına uyğun, yarışın əsasnaməsi, qaydaları və iştirakçıların funksional imkanları çərçivəsində tibbi tələblər təsnifatı nəzərə alınmaqla təşkil olunur və keçirilir.
16.8. Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak zamanı idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri tərəfindən bu Qanunun 60.1-ci maddəsinə uyğun olaraq icbari qaydada sığorta edilir.