20.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların rəhbərlikləri tabeliklərində olan işçilər üçün bədən tərbiyəsi və idman sahəsində aşağıdakı tədbirləri həyata keçirirlər:
20.1.1. işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilmələri üçün şərait yaratmaq, bu məsələlər üzrə müvafiq şərtləri kollektiv müqaviləyə və əmək müqaviləsinə daxil etmək;
20.1.2. işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balansında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektləri və bazaların saxlanılmasını, əsaslı və cari təmirini həyata keçirmək;
20.1.3. işçilərin idman klublarında birləşməsinə, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə digər struktur bölmələrinin yaradılmasına dəstək olmaq.
20.2. Sanatoriya-kurort müəssisələrinin, istirahət evlərinin və turist bazalarının rəhbərləri sağlamlığın möhkəmləndirilməsi, xəstəliklərin profilaktikası və müalicəsi məqsədilə müalicə prosesində bədən tərbiyəsi və idmanın müxtəlif komponentlərindən istifadə üçün şərait yaradırlar.
20.3. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində vətəndaşların yaşayış və istirahət yerlərində (yaşayış massivlərində, məhəllələrdə, yataqxanalarda, həyətlərdə, parklarda, şəhərkənarı istirahət və turist bazalarında, digər istirahət yerlərində) bədən tərbiyəsi və idmanın inkişafı üçün şərait yaradır, bu sahədə maraqlı olan təşkilatların fəaliyyətlərini əlaqələndirir.
20.4. Əhalinin yaşayış və istirahət yerləri üzrə bədən tərbiyəsi və idmanın inkişafı aşağıdakı məsələlərin həllini əhatə edir:
20.4.1. bu Qanuna uyğun olaraq idman klubları, idman məktəbləri, digər bədən tərbiyəsi-idman təşkilatları və idman obyektləri şəbəkələrinin yaradılmasını;
20.4.2. əhalinin yaşayış yerləri üzrə bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim planının işlənib hazırlanması və yerinə yetirilməsini;
20.4.3. yaşayış massivlərinin layihələndirilməsi tapşırıqlarına bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün obyektlərin, o cümlədən idman şəhərciklərinin, zalların, hovuzların, həyətlərdə, parklarda və digər istirahət sahələrində sadə idman meydançalarının, sağlamlıq zonalarının və digər bədən tərbiyəsi-sağlamlıq və idman obyektlərinin daxil edilməsini.
20.5. Yaşayış və kütləvi istirahət yerlərində əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün tələb olunan şəraitin yaradılması, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən maliyyələşdirilir.