Qanunvericilik › Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı.

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Vətəndaşların Vətənin müdafiəsinə hazırlanması

19.1. Hərbi xidmət və ya başqa növ xüsusi xidmət nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin fiziki hazırlığı onların öz xidməti vəzifələrinin müvəffəqiyyətlə həyata keçirilməsini təmin edir.

19.2. Hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin idmanla daimi məşğul olmağa cəlb edilməsi üçün müvafiq icra hakimiyyəti orqanları yanında hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafını və idmançıların hazırlanmasını həyata keçirən təşkilatlar, idman klubları yaradılır və fəaliyyət göstərirlər.

19.3. Bu Qanunun 19.2-ci maddəsində qeyd olunan təşkilatlar müvafiq idman obyektlərində hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin idmanla məşğul olmaları üçün şərait yaradır, idman növləri üzrə bölmələrin təlim-məşq prosesini təşkil edir, idmançıların respublika və beynəlxalq idman tədbirlərində (yarışlarında) iştirakını təmin edir, bədən tərbiyəsi və idman sahəsində məşqçilərin və digər mütəxəssislərin əlavə təhsili üzrə tədbirlər həyata keçirirlər.

19.4. Hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin müxtəlif yaş qrupları üzrə fiziki hazırlığının təmin edilməsi məqsədi ilə müvafiq normativlər (hərbi idman kompleksi) tətbiq olunur. Hərbi idman kompleksinin normativləri üzrə testlər hər il hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslər arasında məcburi formada keçirilir.

19.5. Müvafiq icra hakimiyyəti orqanları respublika idman tədbirlərində və beynəlxalq idman yarışlarında iştirak etmək üçün müvafiq hərbi-tətbiqi və xidməti-tətbiqi idman növləri üzrə milli yığma komandaları formalaşdırır.

19.6. Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı proqramları, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planları, hərbi idman kompleksinin normativləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir.

19.7. Çağırışaqədər yaşlı gənclərin və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Vətəndaşların Vətənin müdafiəsinə fiziki hazırlığının təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilə bilər.

19.8. Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver