31.1. İdmançılar tərəfindən, habelə idman yarışlarında iştirak edən heyvanlara münasibətdə dopinq vasitələri və (və ya) üsullarından istifadə olunmasına yol verilmir. İdmanda istifadəsi qadağan olunmuş dopinq vasitələri və (və ya) üsullarının siyahısı “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiya və Ümumdünya Antidopinq Məcəlləsi ilə müəyyən edilir.
31.2. Dopinq nəzarəti “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, dopinq testinin keçirilməsinin planlaşdırılması, bionümunələrin toplanılması, çatdırılması, laboratoriya tədqiqatları, nəticələrin yoxlanılması, terapevtik istifadə üçün icazə alınması, dinləmələrin keçirilməsi və apellyasiya baxışlarından ibarət olan prosesdir.
31.3. Dopinq vasitələrindən və (və ya) üsullarından istifadəyə qarşı tədbirlər aşağıdakılardan ibarətdir:
31.3.1. beynəlxalq və respublika idman yarışlarının keçirilməsi zamanı icbari dopinq nəzarətinin müəyyən edilməsi;
31.3.2. dopinq vasitələrindən və (və ya) üsullarından istifadəyə, həmçinin onlardan istifadəyə məcbur etməyə və ya istifadəni təbliğ etməyə görə məsuliyyətin müəyyən edilməsi;
31.3.3. dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına, belə dərman vasitələrinin və qida məmulatlarının satılmasına, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və üsulları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə məsuliyyətin müəyyən edilməsi;
31.3.4. dopinq vasitələrindən və (və ya) üsullarından istifadənin qarşısının alınması;
31.3.5. dopinq nəzarətini həyata keçirən mütəxəssislərin peşəkarlığının artırılması;
31.3.6. bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin təhsil proqramlarına dopinq vasitələrindən və (və ya) üsullarından istifadənin idmançı orqanizminə zərəri barədə bölmələrin daxil edilməsi;
31.3.7. mediada antidopinq təbliğatının aparılması;
31.3.8. dopinq nəzarətinin yeni üsullarının işlənib hazırlanması sahəsində elmi tədqiqatların aparılması;
31.3.9. dopinq nəzarəti qaydalarının pozulmasına görə bədən tərbiyəsi-idman təşkilatlarının, idmançıların, məşqçilərin, həkimlərin və digər mütəxəssislərin məsuliyyətinin müəyyən edilməsi.
31.4. Dopinq nəzarətinin yerinə yetirilməsi qaydaları və bununla bağlı aşkar edilmiş pozuntulara görə cavabdehlik, bu sahədə idarəetməni həyata keçirən qurumların, idman subyektlərinin hüquq və vəzifələri “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
31.5. Respublika idman federasiyaları dopinq nəzarəti sahəsində tədbirlər həyata keçirməli, dopinq vasitələri və (və ya) üsullarından istifadə edən idmançılara və onları dopinq vasitələri və (və ya) üsullarından istifadə etməyə məcbur edən şəxslərə qarşı müvafiq tədbirlər görməlidirlər.
31.6. İdman tədbirlərinin təşkilatçıları beynəlxalq idman təşkilatlarının şərtlərinə, qərarlarına və qanunvericiliyin tələblərinə riayət etməklə dopinq nəzarətinin keçirilməsi üçün şərait yaratmalıdırlar.