42.1. İdmançıların hüquqları aşağıdakılardır:
42.1.1. maraq göstərdikləri idman növünü (növlərini) seçmək;
42.1.2. idman növlərinin qaydalarına və yarışlar haqqında əsasnamələrə uyğun olaraq seçdikləri idman növü üzrə yarışlarda iştirak etmək;
42.1.3. respublika Vahid idman təsnifatının tələblərini yerinə yetirməklə idman dərəcələri və adları almaq;
42.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqavilələri bağlamaq;
42.1.5. respublika və beynəlxalq miqyaslı idman yarışlarına hazırlıq tədbirlərində və yarışlarda iştirak zamanı əsas iş yerində orta aylıq əmək haqqını saxlamaq və təhsildən müvafiq müddətlərə azad edilmək və qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə etmək;
42.1.6. idman yarışlarına hazırlıq və yarışlarda iştirak zamanı dövlət mülkiyyətində olan idman obyektlərindən və idman avadanlıqlarından, tibbi xidmət və nəzarətdən ödənişsiz istifadə etmək, geyim, yol, yataq, yemək və digər xərclərlə təmin olunmaq;
42.1.7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan istifadə etmək.
42.2. İdmançıların vəzifələri aşağıdakılardır:
42.2.1. respublika və beynəlxalq idman yarışlarında mənsub olduqları idman təşkilatlarını, rayonu, şəhəri, ölkəni ləyaqətlə təmsil etmək;
42.2.2. təlim-məşq proseslərində və digər hazırlıq tədbirlərində fəal iştirak etmək, məşqçilərin tapşırıq və tələblərini yerinə yetirmək, idman ustalıqlarının səviyyəsini daim yüksəltmək;
42.2.3. təlim-məşq proseslərində və yarışlarda iştirak zamanı təhlükəsizlik qaydalarına və tələblərinə riayət etmək;
42.2.4. müəyyən olunmuş qaydalar əsasında məcburi dopinq nəzarətindən keçmək, dopinq vasitələrindən və (və ya) üsullarından istifadə etməmək;
42.2.4-1. milli antidopinq qurumunun təsdiq etdiyi antidopinq qaydalarına riayət etmək;
42.2.5. idman sahəsində etik normalara riayət etmək;
42.2.6. yarışlarda iştirak zamanı yarışların əsasnaməsinə və yarış təşkilatçılarının tələblərinə riayət etmək;
42.2.7. mütəmadi olaraq tibbi müayinədən keçmək, sanitariya-gigiyena və tibbi norma və qaydaların tələblərinə riayət etmək;
42.2.8. bədən tərbiyəsi və idman, olimpiya və beynəlxalq idman hərəkatı haqqında biliklərə yiyələnmək;
42.2.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər vəzifələri yerinə yetirmək.