43.1. Məşqçilərin hüquqları aşağıdakılardır:
43.1.1. ixtisaslaşdıqları idman növü (növləri) üzrə bədən tərbiyəsi-idman təşkilatlarında, idman məktəblərində məşqçi-müəllim vəzifəsini tutmaq və bu sahədə əmək fəaliyyəti ilə məşğul olmaq;
43.1.2. müvafiq normativ tələblərə uyğun olaraq uşaq və gənclər arasında seçim tədbirlərində iştirak etmək, bu tədbirləri həyata keçirmək;
43.1.3. idman növlərinin təlim-məşq proqramlarına əsasən ibtidai-hazırlıq, təlim-məşq və təkmilləşdirmə qruplarını komplektləşdirmək, onların fəaliyyətini təşkil etmək;
43.1.4. perspektivli və yüksək dərəcəli idmançıların hazırlanması üçün yaradılmış imkanlardan istifadə etmək;
43.1.5. yüksək nəticələr göstərən, milli yığma komandaların heyətlərində yer tutmuş yetişdirmələrinə görə mükafatlandırılmaq və dövlət təltiflərinə təqdim edilmək;
43.1.6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan istifadə etmək.
43.2. Məşqçilərin vəzifələri aşağıdakılardır:
43.2.1. fəaliyyət göstərdikləri idman bölmələrində təlim-məşq prosesini idman növünün təlim-məşq proqramına uyğun olaraq təşkil etmək;
43.2.2. idmanla məşğul olanların müəyyən edilmiş dövrlərdə tibbi müayinədən keçmələrini təmin etmək;
43.2.3. idmançıların məcburi dopinq nəzarətindən keçmələrinə yardımçı olmaq, dopinq vasitələrindən və qadağan edilmiş digər vasitə və üsullardan istifadə edilməsinə yol verməmək;
43.2.3-1. milli antidopinq qurumunun təsdiq etdiyi antidopinq qaydalarına riayət etmək;
43.2.4. rəhbərlik etdiyi qruplarda yüksək dərəcəli idmançıların hazırlanmasını, onların idman ustalıqlarının səviyyələrinin artırılmasını təmin etmək;
43.2.5. təlim-məşq prosesi zamanı idman qurğularından, texniki vasitələrdən və digər idman avadanlıqlarından müəyyən edilmiş qaydalara və normalara uyğun olaraq səmərəli istifadə etmək;
43.2.5-1. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onların şərəf və ləyaqətinə hörmət etmək;
43.2.6. gənclərin vətənpərvərlik ruhunda, mənəvi cəhətdən hərtərəfli tərbiyə olunması, Vətənin müdafiəsinə hazır olmaları istiqamətində fəaliyyət göstərmək;
43.2.7. yetişdirmələrinin milli yığma komandaların təlim-məşq toplanışlarında, məşq proseslərində və yarışlarda iştirakını təmin etmək;
43.2.8. öz üzərində çalışmaq, peşə səviyyəsini artırmaq, digər bilik və bacarıqlara yiyələnmək;
43.2.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər vəzifələri həyata keçirmək.