5.0. Bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
5.0.1. yerli şərait və imkanlar nəzərə alınmaqla, bədən tərbiyəsi və idmanın inkişafının istiqamətlərinin müəyyən edilməsi, bədən tərbiyəsi və idmanın inkişafı üzrə yerli proqramların hazırlanması və həyata keçirilməsi;
5.0.2. bədən tərbiyəsi və idmanın kütləvi inkişafı, bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsinin təmin edilməsi ilə bağlı yerli əhəmiyyətli məsələlərin həllində bilavasitə iştirak edilməsi;
5.0.3. əhalinin bütün qrupları arasında bədən tərbiyəsi və idmanın təbliğinin və maarifləndirmə işlərinin aparılması;
5.0.4. bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin və idman yarışlarının, həmçinin vətəndaşların iş və yaşayış yeri üzrə kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili;
5.0.5. bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təqvim planlarının təsdiqi və icrası;
5.0.6. bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin tibbi təminatının təşkili;
5.0.7. bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsi zamanı ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edilməsi;
5.0.8. bələdiyyələrin yığma idman komandalarının formalaşdırılması qaydalarının təsdiqi, onların maddi-texniki təminatı məsələlərinin həll edilməsi;
5.0.9. bələdiyyə ərazisində keçirilən bələdiyyələrarası, rayon, şəhər, regional, respublika, beynəlxalq idman yarışlarının və milli yığma komandaların təlim-məşq toplanışlarının təşkili və keçirilməsində iştirak edilməsi;
5.0.10. bədən tərbiyəsi və idmanın inkişafına müvafiq maddi dəstək verilməsi;
5.0.11. bələdiyyə mülkiyyətində olan idman obyektlərinin, bədən tərbiyəsi-sağlamlıq obyektlərinin saxlanılmasının, təchizatının, təmirinin və səmərəli istifadəsinin təmin edilməsi;
5.0.12. bələdiyyələrin nəzdində olan bədən tərbiyəsi-idman təşkilatlarının formalaşdırılması, yenidən təşkili və ləğvi, onların maliyyələşdirilməsi və tam miqyaslı fəaliyyəti üçün şəraitin yaradılması;
5.0.13. əlilliyi olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə tədbirlərin həyata keçirilməsi;
5.0.14. müvafiq normativ hüquqi aktlar və proqramlar əsasında əhalinin müxtəlif qruplarının əmək, tədris və istirahət rejiminə bədən tərbiyəsi və idmanın daxil edilməsi;
5.0.15. bələdiyyə ərazisində bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət proqramlarının icrasında iştirak edilməsi;
5.0.16. bələdiyyə ərazisində yaşayan əhalinin fiziki hazırlıq səviyyəsinin monitorinqinin keçirilməsi;
5.0.17. bələdiyyə ərazisində fəaliyyət göstərən bədən tərbiyəsi və idman subyektlərinə dəstək verilməsi;
5.0.18. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.