4.0. Bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin formalaşdırılması, Milli strategiyanın və Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
4.0.2. təhsil alanlar üçün fiziki hazırlığın normativ tələblərinin hazırlanması, təsdiq və tətbiq edilməsi;
4.0.3. respublika Vahid idman təsnifatının, idman adları və dərəcələrinin təsdiq edilməsi;
4.0.4. respublika və beynəlxalq səviyyəli kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin hər il üçün Vahid təqvim planının, idman tədbirlərinin keçirilməsi qaydalarının və onların keçirilməsi xərcləri normalarının işlənib hazırlanması, təsdiqi və maliyyələşdirilməsinin həyata keçirilməsi;
4.0.5. bədən tərbiyəsi və idman sahəsində fəxri adların və digər dövlət həvəsləndirmə formalarının təsis edilməsi;
4.0.6. dövlət mülkiyyətində olan idman obyektləri və bazalarından, olimpiya hazırlığı mərkəzlərindən istifadə normaları və qaydalarının müəyyən edilməsi;
4.0.7. respublika idman federasiyalarının təqdimatına əsasən milli yığma komandaların, eləcə də məşqçilər heyətlərinin rəsmi beynəlxalq yarışlara hazırlığı və onlarda iştirakı üzrə tədbirlərin həyata keçirilməsi;
4.0.8. ölkə ərazisində dünya və Avropa çempionatlarının və digər beynəlxalq idman yarışlarının müvafiq beynəlxalq idman təşkilatları tərəfindən müəyyən olunmuş tələblərə riayət olunmaqla təşkili və keçirilməsinin təmin edilməsi;
4.0.9. əlilliyi olan şəxslər üçün respublika və beynəlxalq idman yarışlarının təşkili və bu yarışlara ölkə idmançılarının hazırlığının və iştirakının təmin edilməsi;
4.0.10. bədən tərbiyəsi və idman vasitələri ilə əhali arasında hüquqpozmaları, narkomaniya, tütündən istifadə, alkoqolizmin profilaktikası üzrə tədbirlər sisteminin işlənib hazırlanması və həyata keçirilməsi;
4.0.11. respublika idman federasiyalarının dövlət reyestrinin və idman növlərinin dövlət reyestrinin işlənib hazırlanması, təsdiq edilməsi və aparılması;
4.0.12. respublika idman federasiyalarının (assosiasiyaların) dövlət akkreditasiyasının (tanınmasının) həyata keçirilməsi;
4.0.13. milli yığma komandaların üzvlərinin və məşqçilərinin, bədən tərbiyəsi-idman təşkilatları işçilərinin fəaliyyətinin dəstəklənməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
4.0.14. idman arbitrajının yaradılması və fəaliyyətinin təşkili;
4.0.15. milli idman növlərinin inkişafının dəstəklənməsi və təbliği üzrə müxtəlif tədbirlərin həyata keçirilməsi;
4.0.16. bədən tərbiyəsi və idman sahəsində dövlət təhsil standartlarının qəbul edilməsi, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislərin hazırlanması, və əlavə təhsilinin təşkili;
4.0.17. ehtiyat idman qüvvələrinin seçilməsi və hazırlıq prosesinin vahid sisteminin yaradılması, ehtiyat idman qüvvələrinin və yüksək dərəcəli idmançıların hazırlanması ilə məşğul olan idman yönümlü təşkilatların, idman klublarının və uşaq-gənclər idman müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi və inkişaf etdirilməsi;
4.0.18. bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsi üçün zəruri infrastrukturun və maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi;
4.0.19. idman avadanlığı və ləvazimatları haqqında texniki reqlamentlərin işlənib hazırlanması, bədən tərbiyəsi və idman sənayesinin yaradılması və inkişaf etdirilməsi;
4.0.20. milli yığma komandaların elmi-metodoloji, tibbi-bioloji, tibbi və antidopinq təchizatı, həmçinin idman növləri üzrə elmi kompleks qrupların formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi;
4.0.21. bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli strategiya və Dövlət proqramlarının həyata keçirilməsində iştirak edən müvafiq bədən tərbiyəsi və idman yönümlü təşkilatlarla müqavilələrin bağlanması, fəaliyyətin təşkili və maliyyələşdirilməsi;
4.0.22. bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlıq üzrə müqavilələrin bağlanması və müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi;
4.0.23. respublika nümayəndə heyətlərinin xarici dövlətlərdə idmanla bağlı keçirilən tədbirlərdə iştirakının təmin edilməsi;
4.0.24. ölkə ərazisində fəaliyyət göstərən tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün bədən tərbiyəsi və idman yönümlü təşkilatlardan, müxtəlif tipli idman məktəblərindən il ərzindəki fəaliyyətlərinin yekunları haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formalara uyğun statistik hesabatların toplanılması, ümumiləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi, təhlilinin aparılması və monitorinqlərin keçirilməsi;
4.0.25. bədən tərbiyəsi və idmanın, sağlam həyat tərzinin təbliğinin həyata keçirilməsi;
4.0.26. bədən tərbiyəsi və idman sahəsində informasiya təminatının Vahid dövlət sisteminin işlənib hazırlanması;
4.0.27. bədən tərbiyəsi və idman sahəsinin elmi-metodoloji təminatı, bu sahə üzrə elmi, tədris və elmi-populyar ədəbiyyatın nəşrinin təşkili;
4.0.28. idman obyektlərinin tikintisinin təşkili, fəaliyyət göstərən idman obyektlərinin bərpası və işlək vəziyyətdə saxlanılması;
4.0.29. hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin hərbi-tətbiqi və xidməti-tətbiqi idman növləri üzrə hazırlığının təşkili;
4.0.30. bütün növ idman məktəbləri və olimpiya ehtiyatı məktəbləri üçün müxtəlif idman növləri üzrə tədris proqramlarının işlənib hazırlanması və təsdiqi;
4.0.31. əhalinin müxtəlif kateqoriya və qrupları üçün bədən tərbiyəsi və idman proqramlarının və nümunəvi tədris planlarının işlənib hazırlanması və təsdiqi;
4.0.32. bədən tərbiyəsi və idman hərəkatının veteranlarına diqqət və qayğının göstərilməsi;
4.0.33. bədən tərbiyəsi və idman sahəsində idarəetmənin və sahələrarası əlaqələndirmənin həyata keçirilməsi;
4.0.34. kütləvi və peşəkar idmanın, yüksək nailiyyətlər idmanının inkişafının dəstəklənməsi;
4.0.35. beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılar hazırlayan idman təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması;
4.0.36. bədən tərbiyəsi və idman sahəsində sponsorluq və xeyriyyəçilik fəaliyyətlərinin dəstəklənməsi;
4.0.37. beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılar və onların məşqçiləri (o cümlədən idmançının yetişdirilməsində böyük rolu olan əvvəlki məşqçiləri) üçün qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq xüsusi mükafatların təyin edilməsi;
4.0.38. milli yığma komandaların təlim-məşq prosesinin keçirildiyi idman bazalarının və obyektlərinin saxlanılması, təchizatı və inkişafının təmin edilməsi;
4.0.39. idman yönümlü təşkilatların, o cümlədən bütün tipli uşaq-gənclər idman məktəblərinin, yaşayış yerləri üzrə məhəlli uşaq-idman klublarının, uşaq-idman şəhərciklərinin, idman-sağlamlıq düşərgələrinin, tibbi-bədən tərbiyəsi dispanserlərinin, idman obyektləri və bazalarının əhalinin demoqrafik inkişafına uyğun sayda artırılması və maddi-texniki bazalarının möhkəmləndirilməsi;
4.0.40. bədən tərbiyəsi və idman sahəsində elmi-tədqiqat işlərinin aparılmasının təşkili, elmi-texniki siyasətin formalaşdırılması və həyata keçirilməsi;
4.0.41. idman yarışlarının manipulyasiyasına qarşı tədbirlərin görülməsi və belə halların qarşısının alınması;
4.0.42. idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi.