25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir:
25.1.1. alqı-satqı müqaviləsində - satıcının;
25.1.2. bağışlama müqaviləsində - hədiyyə edənin;
25.1.3. əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya kirayəçinin;
* (Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə əlavə edilmiş 25.1.3-1-ci maddə 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)
25.1.4. əvəzsiz istifadə müqaviləsində - əvəzsiz istifadəyə verən şəxsin;
25.1.5. borc müqaviləsində - borc verənin;
25.1.6. podrat müqaviləsində - podratçının;
25.1.7. tapşırıq müqaviləsində - vəkaləti alanın;
25.1.8. komissiya müqaviləsində - komisyonçunun;
25.1.9. saxlama müqaviləsində - saxlayıcının;
25.1.10. daşıma müqaviləsində - daşıyıcının;
25.1.11. sığorta müqaviləsində - sığortaçının;
25.1.12. girov müqaviləsində - girov qoyanın;
25.1.13. zaminlik müqaviləsində - zaminin;
25.1.14. qarantiya müqaviləsində - qarantın.
25.2. Müqavilə tərəfləri arasında, müqavilə ilə bağlı tətbiq olunmalı hüquq barədə razılaşma olmadıqda, bu Qanunun 25.1-ci maddəsinin müddəalarından asılı olmayaraq:
25.2.1. daşınmaz əmlak barədə müqaviləyə - əmlakın olduğu ölkənin hüququ;
25.2.2. birgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinə - belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ;
25.2.3. auksionda, müsabiqədə və ya birjada bağlanan müqavilələrə - auksionun, müsabiqənin keçirildiyi və ya birjanın yerləşdiyi ölkənin hüququ tətbiq edilir.
25.3. Bu Qanunun 25.1-ci və 25.2-ci maddələrində nəzərdə tutulmayan müqavilələrə, tərəflər arasında tətbiq edilməli hüquq barədə razılaşma olmadığı halda, belə müqavilənin daha sıx bağlı olduğu ölkənin hüququ tətbiq edilir.
25.4. Müqavilənin icra üsullarına və proseduralarına, habelə onun lazımi qaydada icra edilməməsi ilə əlaqədar görülən tədbirlərə münasibətdə tətbiq olunan hüquqdan əlavə, icranın keçirildiyi ölkənin hüququ da nəzərə alınmalıdır.