Qanunvericilik › Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Dövlət büdcəsinin icrası

Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Dövlət büdcəsi müvafiq icra hakimiyyəti orqanları, onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsi ilə icra edilir.

18.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli şəxsləri tabeliyində olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına və müvafiq maliyyə qaydalarına riayət etməmələrinə görə məsuliyyət daşıyırlar. Bu qaydalara riayət etməyən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair məlumatı təqdim etməyən, həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilər.

18.3. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına və ya onun yerli bölmələrinə, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edirlər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddə ilə müəyyən edilmiş hesabatlara müvafiq dövr üzrə hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər, artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri və vergi borcları barədə məlumatları əlavə edir.

18.3-1. Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edirlər.

18.4. Zərurət yarandıqda, təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraflar, maddə və yarımmaddələri arasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilə bilər.

18.4-1. Bu Qanunun 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılır.

18.5. Dövlət büdcəsinin icrası prosesində gəlirlər və kəsirin maliyyələşdirilməsi üzrə nəzərdə tutulmuş vəsaitlər təsdiq edilmiş məbləğdən az daxil olduqda, funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc maddələri istisna olmaqla) mütənasib şəkildə, inzibati təsnifat üzrə xərclər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada azaldıla bilər.

18.6. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilər.

18.7. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən yarımillik və illik dövriliklə Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver