Qanunvericilik › Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Dövlət büdcəsinin kassa icrası

Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. Dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədi ilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır.

19.2. Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla), dövlət büdcəsinin kəsirinin bağlanması üçün dövlət borcalmaları üzrə əməliyyatlar (Azərbaycan Respublikası adından imzalanmış kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla) və digər dövlət maliyyə əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Büdcə ili ərzində bu Qanunun 18.4-cü və 19.6-cı maddələrinə uyğun olaraq dövlət büdcəsinin xərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlarda aparılmış dəyişikliyə müvafiq əks etdirilir və bu Qanunun 16.1.17-ci və 16.1.18-ci maddələrinə uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir.

Azərbaycan Respublikası adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət büdcəsinin kəsirinin həmin məbləğdə bağlanması hesabına təmin edilir.

Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı bu Qanunun 19.5-1.1–19.5-1.3-cü maddələrində göstərilən ödənişlər icra edilməklə bu Qanunun 19.2-1-ci maddəsində müəyyən olunmuş qaydada idarə olunur və (və ya) idarəetməyə verilir.

Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada birbaşa icrası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Xarici valyutada dövlət büdcəsinə daxilolmalar hər hesabat ayının sonunda Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi ilə yenidən qiymətləndirilir.

Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan qazanc və ya itki yenidən qiymətləndirmənin nəticəsi kimi dövlət büdcəsinin müvafiq hesabat dövrünün sonuna fakt üzrə onun gəlirlərində və ya xərclərində əks etdirilir, həmçinin vahid xəzinə hesabının qalığında nəzərə alınır.

Yenidən qiymətləndirmə nəticəsində yaranan qazanc və ya itki dövlət büdcəsinin kassa icrasına aid olunmur və bu Qanunun 16.1.1-ci, 16.1.16-16.1.18-ci maddələrinə uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir.

19.2-1. Büdcə ili ərzində vahid xəzinə hesabının qalığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir. Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

19.2-2. Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə bilər.

19.3. Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.

19.4. Cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.

19.5. İlin sonuna bütün xəzinə hesablarının qalıqları (bu Qanunun 19.5-1.2.2-ci və 19.5-1.2.3-cü maddələrində nəzərdə tutulmuş vəsaitlərə münasibətdə yalnız onların xərclərinin maliyyələşdirilməsi məqsədilə) vahid xəzinə hesabına köçürülür.

19.5-1. Vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldilir:

19.5-1.1. bu Qanunun 15.4-сü maddəsi tətbiq edildiyi halda bu Qanunun 7-ci maddəsində göstərilən xərclərin maliyyələşdirilməsinə;

19.5-1.2. dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə:

19.5-1.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;

19.5-1.2.2. Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda);

19.5-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda).

19.5-1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına.

19.6. Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

19.7. Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.

19.8. Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsinin müstəsna səlahiyyəti dövlət xəzinədarlığına məxsusdur. Dövlət xəzinədarlığının razılığı olmadan bu hesabdan hər hansı formada vəsaitin köçürülməsi və ya götürülməsi qadağandır.

19.9. Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri qanunla bu gəlirlərin vergilərə cəlb edilməsi müəyyən edildiyi halda, həmin vergiləri ödədikdən sonra tam həcmdə və qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 2 bank günü ərzində vahid xəzinə hesabına köçürməlidirlər.

19.10. Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi və icmal hesabat müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.

19.11. Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

19.12. Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlar dövlət xəzinədarlığının yazılı icazəsi olmadan bank hesabı aça və ya belə hesabdan istifadə edə bilməzlər. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət xəzinədarlığı əvvəllər verdiyi icazəni geri çağıra bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver