7.1. Öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər:
7.1.1. müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli;
7.1.2. siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətləri yalnız rəhbərliyin razılığı əsasında yaratmalı və ya davam etdirməli;
7.1.3. müştərinin və ya benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görməli;
7.1.4. siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər.
7.2. Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar ödəniş həyata keçirilməzdən əvvəl həyatın yığım sığortası şəhadətnaməsi üzrə faydalanan şəxslərin və faydalanan şəxslərin benefisiar mülkiyyətçilərinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olmasını müəyyən etmək üçün tədbirlər həyata keçirməli, yüksək risk müəyyən edildikdə, ödənişi rəhbərliyin razılığı ilə həyata keçirməli, şəhadətnamə sahibi ilə işgüzar münasibətləri hərtərəfli araşdırmalı və əməliyyatlar barədə maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.