Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Yeni texnologiyalar

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Öhdəlik daşıyan şəxslər yeni və inkişaf edən texnologiyalar (bundan sonra – yeni texnologiyalar) vasitəsilə yaradılan işgüzar münasibətlərə və aparılan əməliyyatlara yüksək riskli münasibətlər və əməliyyatlar kimi yanaşmalı və bu münasibətlərin yaradılması və əməliyyatların həyata keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsiz tətbiq edilməsi üçün tədbirlər görməli və yeni texnologiyaların tətbiqinin risk qiymətləndirilməsi mexanizminə malik olmalıdırlar.

8.2. Öhdəlik daşıyan şəxslər yeni texnologiyalar vasitəsilə yaradılan və ya onların tətbiqini nəzərdə tutan işgüzar münasibətlərin, məhsulların və aparılan əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar.

8.3. Maliyyə institutları müvafiq riskləri yeni məhsulların və biznes praktikalarının tətbiqindən və yeni texnologiyaların istifadəsindən əvvəl qiymətləndirməli, eləcə də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən etməlidirlər.

8.4. Öhdəlik daşıyan şəxslərə münasibətdə yeni məhsulların və çatdırılma kanalları da daxil olmaqla yeni biznes praktikalarının yaradılmasından, habelə yeni və inkişaf mərhələsində olan məhsullara münasibətdə yeni texnologiyaların tətbiqindən qaynaqlanan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri nəzarət orqanları tərəfindən müəyyənləşdirilməli və qiymətləndirilməli, eləcə də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən edilməlidir.

8.5. Yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərini istisna etməməlidir. Müştəri uyğunluğu tədbirləri informasiya texnologiyalarından istifadə etməklə tətbiq edildikdə, məlumat və sənədlər elektron qaydada təqdim olunur. Yeni texnologiyaların tətbiqi zamanı bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş verifikasiya tədbirləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

8.6. Yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərinin tam tətbiqinə imkan vermirsə və ya müştərinin və benefisiar mülkiyyətçinin müəyyən edilməsində, eləcə də təqdim olunmuş məlumat və sənədlərin həqiqiliyinin yoxlanılmasında aradan qaldırılması mümkün olmayan şübhələr və ya uyğunsuzluqlar varsa, yeni texnologiyaların tətbiqindən imtina edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver