9.1. Yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda və digər ödəniş xidməti təchizatçılarında hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlər və əməliyyatlara münasibətdə yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənmədən bu Qanunun 4.13-cü maddəsində nəzərdə tutulmuş gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir.
9.2. FATF tərəfindən edilmiş çağırışlar əsasında, habelə bu Qanunun 9.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş yüksək riskli zonalara münasibətdə məhdudiyyətlər və xüsusi tələblər tətbiq edilə bilər.
9.3. Yüksək riskli zonalara münasibətdə FATF tərəfindən edilmiş çağırışların mətni maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilir və birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir. Öhdəlik daşıyan şəxslər FATF tərəfindən edilmiş çağırışlarda müəyyən edilmiş tədbirləri həyata keçirməlidirlər.
9.4. Yüksək riskli zonaların müəyyən edilmə əsasları, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
9.5. Yüksək riskli zonaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla, maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir.
9.6. Yüksək riskli zonalara münasibətdə tətbiq edilən konkret məhdudiyyətlərin və xüsusi tələblərin növü və müddəti aşkar edilmiş risklərə uyğun olaraq maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir.