18.1. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, əcnəbilərin, vətəndaşlığı olmayan və xarici hüquqi şəxslərin damazlıq heyvandarlıq təsərrüfatları, o cümlədən damazlıq işi ilə məşğul olan istehsal və xidmət təşkilatları yaratmaq hüququ vardır.
18.2. Damazlıq heyvandarlıq təsərrüfatları hər bir cins üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş seleksiya-damazlıq proqramına uyğun fəaliyyət göstərir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada attestasiyadan keçirilərək onun damazlıq təsərrüfat növü müəyyən edilir.
18.3. Damazlıq heyvandarlıq təsərrüfatlarının əsas növlərinə damazlıq zavodları, reproduktorları, fermaları və sınaq müəssisələri, süni mayalandırma və embrionların transplantasiyası mərkəzləri, genobanklar, immunogenetik ekspertiza və seleksiya məqsədi ilə heyvandarlıq məhsullarının ekspertizası laboratoriyaları daxildir.
18.4. Damazlıq heyvandarlıq təsərrüfatlarının hər hansı bir fəaliyyət növünə aid edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq, hər bir heyvan növü və cinsi üzrə təsdiq edilmiş normalar, tələblər və şərtlər əsasında həyata keçirilir.
18.5. Damazlıq heyvandarlıq təsərrüfatları fəaliyyətlərini aşağıdakı prinsiplər əsasında qururlar:
18.5.1. cinslərin təmizlikdə yetişdirilməsinə üstünlük verməklə onların təkmilləşdirilməsinin, yerli və dünyada geniş yayılmış heyvan cinslərinin genofonduna aid olan damazlıq heyvanların qorunub saxlanmasının təmin olunması;
18.5.2. damazlıq ehtiyatından təyinatı üzrə və səmərəli istifadə edilməsi;
18.5.3. yüksək məhsuldar və yerli şəraitə davamlı cins heyvanların sayının artırılması və daha geniş yayılması;
18.5.4. biomüxtəlifliyin elmi əsaslarla təmin olunması və qorunması;
18.5.5. cinslərin rayonlaşdırılması prinsipinə əməl edilməsi.
18.6. Damazlıq heyvandarlıq təsərrüfatları müxtəlif mülkiyyət növündə ola bilərlər.
18.7. Damazlıq heyvandarlıq təsərrüfatları zootexniki normalara uyğun torpaq, örüş və otlaq sahələrinə, su obyektlərinə, tövlə və köməkçi binalara, maşın, avadanlıq və qurğulara, digər təsərrüfat obyektlərinə və vasitələrinə malik olmalıdırlar.
18.8. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün damazlıq heyvandarlıq təsərrüfatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınırlar.