19.1. Damazlıq zavodları məqsədyönlü seleksiya-damazlıq proqramları əsasında yüksək genetik potensiala malik cins heyvanların təmiz cinsli yetişdirilməsi və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi ilə məşğul olan ən yüksək kateqoriyalı ixtisaslaşdırılmış damazlıq heyvandarlıq təsərrüfatlarıdır.
19.2. Damazlıq zavodları fəaliyyətini cinsin genetik potensialının təkmilləşdirilməsi və damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması, yeni cinslərin, tiplərin, ailə, kross və xətlərin yaradılması, habelə özündə yetişdirdiyi yüksək məhsuldar damazlıq ehtiyatlarla damazlıq reproduktor və fermaların təmin edilməsi üzərində qurur.
19.3. Damazlıq zavodlarında reproduksiya üçün istifadə olunan damazlıq törədici heyvanlar cinsin tanınan xətt və ailəsinə mənsub olan, verdiyi nəslə görə qiymətləndirilmiş yüksək məhsuldar heyvanlardan təşkil edilməli, naxırın (sürünün, ilxının) davamlı reproduksiyası və dövriyyəsi təmin olunmalıdır.
19.4. Seleksiya-damazlıq proqramlarında heyvanların yeni cinsləri, tipləri, ailə, kross və xətlərin yaradılması nəzərdə tutulduğu hallarda damazlıq zavodlarında təmizqanlı müəyyən qrup heyvanların başqa cinsdən olan heyvanlarla çarpazlaşdırılmasına, hibridləşdirilməsinə və embrion köçürülməsinə qismən yol verilə bilər.