13.1. Əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır.
13.2. Aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin olması məcburidir.
13.2-1. Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin siyahıya daxil edilmiş dərman vasitələrinin istehsalçının müraciəti əsasında aptek təşkilatlarında olması məcburidir. Aptek təşkilatı həmin dərman vasitələrinin qəbulunu, istehsalçı isə onların aptek təşkilatında yerləşdirilməsini təmin edir.
13.3. Optik ləvazimatlar, pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsulları (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastrlar və digər analoji məmulatlar), ətriyyat-kosmetika, xüsusi təyinatlı qida məhsulları, təbii mineral sular, bioloji aktiv qida məhsulları və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır.
13.4. Resept əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır.
13.5. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.6. Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməlidir.