Qanunvericilik › Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması

Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Əczaçılıq fəaliyyəti bu Qanunun “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Xüsusi razılıq (lisenziya) əczaçılıq fəaliyyətinin aşağıdakı növləri üzrə verilir:

5.1.1. dərman vasitələrinin istehsalı;

5.1.2. dərman vasitələrinin topdansatışı;

5.1.3. dərman vasitələrinin pərakəndə satışı.

5.2. Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər.

Əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

5.3. Bu Qanunun 4.7-ci maddəsinin tələblərinin pozulmasına görə bir il ərzində üç dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya verən orqan tərəfindən altı ayadək müddətə dayandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver