Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini icmalar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlarda həmin dini icmalara bu Qanunla müəyyən olunmuş qaydada din xadimi təyin edildikdən sonra dini fəaliyyət göstərə bilərlər.
Dini qurumlar (dini icmalar bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla) dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.
Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.
Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar dini qurumdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi dini qurumun razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya dini qurum tərəfindən təmin edilir.
Müvafiq icra hakimiyyəti orqanı dini qurumların dövlət qeydiyyatına alınmasını qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirir.
Dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda, bu barədə 20 gün müddətində (bu Qanunun 9-1.4-cü maddəsi ilə müəyyən edilmiş hal nəzərə alınmaqla) müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri həmin qaydada təqdim etməlidir.
Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurumun dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
1) dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda;
2) yaradılan qurum dini qurum qismində tanınmadıqda;
3) təqdim olunmuş nizamnamə və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda.
Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir.