Qanunvericilik › Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Diplomatik xidmət orqanı əməkdaşlarının rotasiyası

Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Diplomatik xidmət orqanlarında kadr tələbatına olan ehtiyacın diplomatik xidmət orqanı əməkdaşlarının potensialından səmərəli istifadə olunmaqla təmin edilməsi məqsədilə diplomatik xidmət orqanı əməkdaşlarının rotasiyası keçirilir.

24.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyinatı həyata keçirilən vəzifələr istisna olmaqla, diplomatik xidmət orqanlarında digər vəzifələr üzrə rotasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

24.3. Rotasiya qaydasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşı tutduğu vəzifədən azad edilərək diplomatik nümayəndəlikdə və ya konsulluqda həmin vəzifədən aşağı olmayan vakant diplomatik vəzifəyə təyin edilir.

24.4. Rotasiya qaydasında diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət əməkdaşı tutduğu vəzifədən azad edilərək (geri çağırılaraq) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həmin vəzifədən aşağı olmayan vakant diplomatik vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu Qanunun 27.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

24.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati və ya yardımçı vəzifə tutan əməkdaş rotasiya qaydasında tutduğu vəzifədən azad edilərək həmin vəzifənin funksiyalarına uyğun olaraq diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin edilir və geri çağırıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduğu sonuncu vəzifəyə bərabər vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu Qanunun 27.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

24.6. Diplomatik xidmət orqanlarında tutduğu diplomatik vəzifədən azad edilərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və ya konsulluqda vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşı geri çağırıldıqdan sonra, onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilməsinə əsas olan hallar olmadıqda, tutduğu sonuncu vəzifə nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) vakant diplomatik vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu Qanunun 27.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

24.7. Fövqəladə və səlahiyyətli səfirin və təmsilçilik ofisinin rəhbərinin qəbul edən dövlətdə, daimi nümayəndənin və nümayəndənin beynəlxalq təşkilatda fasiləsiz xidmət müddəti 5 (beş) ildir. Baş konsulun və səfirin müavininin qəbul edən dövlətdə, daimi nümayəndənin müavininin isə beynəlxalq təşkilatda fasiləsiz xidmət müddəti 4 (dörd) ildir.

24.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq, bu Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan diplomatik xidmət əməkdaşları fasiləsiz xidmət müddətindən artıq fəaliyyətini davam etdirə və ya həmin müddətdən əvvəl geri çağırıla bilərlər.

24.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və konsulluqda vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşlarının fasiləsiz xidmət müddəti 3 (üç) ildir. Bu müddət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik xidmət orqanı əməkdaşının razılığı ilə 1 (bir) ilədək uzadıla bilər. Diplomatik xidmət orqanı əməkdaşları bu Qanunun 26.1.2–26.1.10-cu maddələrində nəzərdə tutulan hallarda xidmət müddətinin başa çatmasından əvvəl geri çağırıla bilərlər.

24.10. Bu Qanunun 13.7-ci maddəsində nəzərdə tutulan xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə və konsulluqlarda vakant vəzifələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilən diplomatik xidmət orqanı əməkdaşlarının xidmət müddəti həmin əməkdaşların təşəbbüsü əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 (bir) ilədək azaldıla bilər.

24.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşı xidməti zərurətlə əlaqədar və öz razılığı ilə xidmət keçdiyi diplomatik nümayəndəlikdən və ya konsulluqdan digər diplomatik nümayəndəliyə və ya konsulluğa qalan xidmət müddətinin davam etdirilməsi şərtilə keçirilə bilər.

24.12. Diplomatik nümayəndəlikdən və konsulluqdan rotasiya qaydasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geri çağırılan diplomatik xidmət orqanı əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yenidən diplomatik nümayəndəlikdə və konsulluqda vəzifəyə təyin olunmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) azı 1 (bir) il (sərəncamda olma müddəti də daxil olmaqla) xidmət keçməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver