25.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik xidmət orqanı əməkdaşı öz razılığı ilə diplomatik xidmət orqanında tutduğu vəzifədən azad edilərək və diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmədən beynəlxalq təşkilatın orqanında işləməyə göndərilə bilər.
25.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanında işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının hüquqi vəziyyəti, fəaliyyətinin əsasları və təşkili qaydası, şərtləri və fəaliyyət müddəti, eləcə də maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının normativ hüquqi aktları, müvafiq beynəlxalq təşkilatın müəyyən etdiyi qaydalar və eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla, müvafiq diplomatik xidmət orqanı əməkdaşı ilə beynəlxalq təşkilatın orqanı arasında bağlanılan müqavilə əsasında tənzimlənir.
25.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşı fəaliyyətini başa vurduqdan sonra və ya fəaliyyətinin bitmə müddətindən əvvəl geri çağırılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunduqda və onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilməsinə əsas olan hallar olmadıqda, o, diplomatik xidmət orqanında tutduğu sonuncu vəzifədən aşağı olmayan vakant vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu Qanunun 27.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.
25.4. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının müvafiq xarici dövlətdə onunla birlikdə yaşayan, Azərbaycan Respublikasının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada xitam verilmiş arvadı (əri) diplomatik xidmət orqanı əməkdaşının müvafiq beynəlxalq təşkilatın orqanında işlədiyi müddətdə və ya bu müddət başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunur.