4.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), diplomatik nümayəndəliklər və konsulluqlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyindəki ali təhsil müəssisəsi diplomatik xidmət orqanlarının vahid sistemini təşkil edir.
4.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edən diplomatik xidmət orqanıdır.
4.3. Azərbaycan Respublikasının səfirliyi və Azərbaycan Respublikasının təmsilçilik ofisi qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanlarıdır.
4.4. Azərbaycan Respublikasının daimi nümayəndəliyi və Azərbaycan Respublikasının nümayəndəliyi beynəlxalq təşkilatda və ya onun bölməsində Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanlarıdır.
4.5. Azərbaycan Respublikasının konsulluğu qəbul edən dövlətdə müvafiq konsul dairəsində Azərbaycan Respublikası adından konsul funksiyalarını həyata keçirən diplomatik xidmət orqanıdır. Qəbul edən dövlətin ərazisinin Azərbaycan Respublikası konsulluğunun konsul dairəsinə aid olmayan hissəsində, həmçinin Azərbaycan Respublikasının konsulluğunun olmadığı xarici dövlətdə konsul funksiyalarını həmin dövlətdə akkreditə olunan Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi həyata keçirir.
4.6. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının təsis edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının və qəbul edən dövlətin və ya beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələr və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənir.
4.7. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 2-ci bəndinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, Azərbaycan Respublikasının konsulluğu isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsis edilir.
4.8. Diplomatik xidmət orqanlarının tabeliyində təhsil, elmi tədqiqat və mədəniyyət müəssisələri, eləcə də digər hüquqi şəxslər yaradıla bilər.
4.9. Diplomatik xidmət orqanlarının vahid sisteminə daxil olan orqanların, onların tabeliyində yaradılan qurumların hüquqi vəziyyəti ilə bağlı məsələlər, bu Qanun nəzərə alınmaqla, müvafiq normativ hüquqi aktlarla tənzimlənir.