5.1. Diplomatik xidmət orqanlarının əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
5.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunması;
5.1.2. Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunması və təmin olunması;
5.1.3. Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərinin, sülhün və əməkdaşlığın inkişaf etdirilməsi;
5.1.4. beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına xarici siyasət vasitələri ilə töhfə və diplomatik üsullarla dəstək verilməsi;
5.1.5. xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarının və qanuni mənafelərinin xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiəsi;
5.1.6. Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətinin əlaqələndirilməsi;
5.1.7. beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətinin təhlili;
5.1.8. Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik və konsul əlaqələrinin, beynəlxalq təşkilatlarla diplomatik əlaqələrinin həyata keçirilməsi;
5.1.9. xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsi;
5.1.10. Azərbaycan Respublikasının dövlət protokolunun təmin olunması;
5.1.11. konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsi.
5.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş digər istiqamətlərdə də fəaliyyət göstərə bilərlər.