İcra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir.
İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icra məmurları istisna olmaqla, icra məmurlarının fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icra məmuru tərəfindən nəzarət edilir.