İcra məmurlarının əmək haqqı vəzifə maaşından, xüsusi rütbəyə (ixtisas dərəcəsinə) və xidmət illərinə görə verilən əlavə ödənişlərdən, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir.
İcra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə edilir.
Azərbaycan Respublikasının və xarici dövlətlərin məhkəmələrinin mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusların icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qәrarlarının məcburi icrası ilə bağlı borclunun hesabından tutulan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür.
Cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25-1.2-ci maddəsində göstərilən məqsədlər üçün ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür.
İcra məmurlarına məxsus əmlakın xidməti fəaliyyətləri ilə əlaqədar məhv olunması və zədələnməsi nəticəsində vurulan ziyan icra məmurlarına və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir.
Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir.
İcra məmurlarının pensiya təminatı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə həyata keçirilir.