4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1. qanunçuluq;
4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;
4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;
4.1.4. yuxarı kateqoriya dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı kateqoriya dövlət orqanları və vəzifəli şəxslər tərəfindən yerinə yetirilməsinin məcburiliyi;
4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması;
4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı;
4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi;
4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
4.1.9. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq mövqeyindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya ictimai birliklərə mənsubiyyətindən, habelə dövlət qulluqçusunun xidməti fəaliyyətinə aid olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;
4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası;
4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün layiqli həyat səviyyəsinin təmin edilməsi;
4.1.12. dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərə görə dövlət orqanlarının məsuliyyət daşıması.
4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır.
4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar.